“Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermerlər maarifləndirilir

“Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermerlər maarifləndirilir

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə layihəyə qoşulmaq üçün müraciət edən və müxtəlif regionlarda fəaliyyət göstərən fermerlərə maarifləndirmə təlimlərinin keçirilməsinə start verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, maarifləndirmə təlimlərinin təşkilində əsas məqsəd yerli fermerləri aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə tanış etmək, onları təsərrüfatlarında qonaq olan turistlərin qarşılanması, qidalanmanın təşkili, məhsulların qablaşdırılmasının və sərgilənməsinin təşkili, təsərrüfatlarındakı məhsulların satışından gəlir əldə edilməsi  yolları, bütövlükdə aqroturizm xidmətlərinin göstərilməsi mövzularında məlumatlandırmaqdır.

İlk təlim "Şəhərdən Kəndə" layihəsinə Lənkəran və Astaradan qoşulan fermerlər üçün keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin üzvü Sərxan Sərxanov təlimdə iştirak edən fermerlərə layihənin məqsədi, fermerlər üçün üstünlüklərindən danışıb və qurum olaraq layihəyə qoşulmuş fermerlərə davamlı konsultasiya xidmətlərinin göstəriləcəyini deyib. "Aqroturizm və sahibkarlıq" və "Fərdi fərqindəlik" mövuzlarında baş tutan təlimlər Türkiyədən dəvət edilmiş təlimçilər Soner Şahan və İşıl Şahan tərəfindən keçilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31