Bu il kimin çörəyini yeyəcəyik? - İQTİSADİ ARAŞDIRMA
ANS PRESS iri dəyirmanların yerli taxıldan imtinasının sirlərini açıb
8 İyun 2012 17:35 İqtisadiyyatİqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) əməkdaşı Vahid Məhərrəmov bu yaxınlarda Qazaxa etdiyi səfərdən çox həyəcanlı qayıdıb. Deyir ki, bu il buğda istehsalı bəlkə də iki dəfə azalacaq. Bir həftəsini İncə dərəsində keçirmiş kənd təsərrüfatı mütəxəssisinin fikrincə, qışın gec çıxması və yay istilərinin tez düşməsi aran rayonlarında buğdanın vegetasiya müddətini qısaldıb - nəticədə buğdanın məhsuldarlığı və zülal tərkibi aşağı düşüb. "Bakıya qədər yol boyu bütün rayonları araşdırmışam, hamısında vəziyyət eynidir",- deyə Vahid Məhərrəmov ANS PRESS-ə bildirib. İTM əməkdaşının sözlərindən belə çıxır ki, buğda istehsalı bu il Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən açıqlanan proqnozlardan az olacaq. KTN-nin proqnozun görə, bu il sahələrdən 2,6 milyon ton taxıl yığılacağı və bunun 1,7 milyon tonunun buğda olacağı, yəni buğda istehsalının keçən illə müqayisədə 192 min ton artacağı gözlənilir. İTM təmsilçisinin sözləri müəyyən mənada kənd təsərrüfatı naziri İsmət Abbasovun dedikləri ilə səsləşir. Mayın sonlarında jurnalistlərə açıqlama verən nazir Azərbaycanın bu il də taxıl və buğdaya olan tələbatını tam olaraq daxili istehsal hesabına ödəyə bilməyəcəyini bildirib. Əslində isə 1,7 milyon ton buğda Azərbaycan əhalisinin çörəyə olan ehtiyacını tam ödəməli idi. Rəsmi məlumatlara görə, Azərbaycanda adambaşına 135 kiloqram ərzaq buğdası istehlak edilir ki, bu da 9 milyonluq Azərbaycan üzrə təxminən 1,25 milyon ton buğda deməkdir. Yəni ölkədə yığılması gözlənilən buğda istehsalı lazımi keyfiyyətdə və gözlənilən 1,7 milyon ton həcmində olarsa, Azərbaycan öz ehtiyaclarını tamamilə daxili mənbələr hesabına ödəyə bilərdi.
Bunu 15 il əvvəlki statistika ilə rahatlıqla isbat etmək olar. Statistikaya görə, 1997-ci ildə Azərbaycnda taxıl mövcudluğu 1 milyon 209 min ton təşkil edib, bunun 759 min tonu yerli istehsal nəticəsində əldə edilib və 449 min tonu isə idxal edilib. O vaxt Azərbaycanda 8 milyon əhali yaşayırdı və idxalla birlikdə adambaşına taxıl mövcudluğu 151 kiloqram təşkil edirdi. İdxalın hamısı və yerli taxılın da əsas hissəsi buğda idi. Həmin illərdə Azərbaycan kəndində yaşamış, yaxud aqrar sektorla yaxından əlaqəsi olmuş hər bir kəs öz kəndinin misalında bu rəqəmin çox doğru olduğunu isbatlaya bilər. 1997-ci ildə Azərbaycan kəndi özü-özünü və əyalətlərdə un satışı ilə məşğul olan dəyirmanları buğda ilə tam təmin ediridi. O dövrdə əylət şəhərlərində biznes qurmaq istəyən hər kəs dəyirman açmaq barədə düşünürdü, çünki aşağı maaşlar müqabilində un çox baha idi. Azərbaycan o vaxt hələ neft dollarlarını almamışdı, büdcə təxminən 600 milyon dollar ətrafında dəyişirdi və iri dəyirman komplekslərinin sahibi olan dövlət taxıl üçün elə də böyük vəsait ayıra bilmirdi. Həmin illərdə idxal buğda yalnız Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərin çörəklə təminatına gedirdi. Dövlət dotasiya ilə etdiyi bu alış-verişdə itkilərini mümkün qədər azaltmağa çalışırdı. 1997-ci ildə Azərbaycan istismarını iri qərb neft şirkətləri ilə gerçəkləşdirdiyi "Azəri-Çıraq-Günəşli" yataqlarından ilk nefti aldı və əldə edilən vəsaitlərin bir qismi büdcəyə yönəldildi. Artıq buğda idxalı üçün vəsait tapmaq elə də çətin deyildi, yəni dövlət bu istiqamətə ayırmaları ildən ilə artırmağa başladı, çünki Rusiyaya və başqa MDB ölkələrinə gedənlərin geri qayıtması nəticəsində şəhərlərin faktiki əhalisi getdikcə artırdı. Pensiya və müavintlərin, maaşları artırılması həm də istehlakı artırırdı. Bu amil kənddə də idxal buğdasından istehsal edilmiş bahalı ağ unu almaq imkanları olanların da sayını artırdı. Yəni idxal buğdadan dəyirmanda nisbətən müasir texnologiya ilə itstehsal edilmiş unun özlük dərəcəsi yüksək idi - çörək təndirdə yaxşı dayanırdı, küt getmirdi. Amma primitiv yolla daş dəyirmanlarında istehsal edilmiş və xalqın "qara un" dediyi yerli məhsulun özlük dərəcəsi isə aşağı idi, xəmir yaxşı qabarmırdı. "Qara un"dan bişirilən çörəyin mineral tərkibi zəngin olsa da, bir çoxları onu ağ unun çörəyindən daha dadlı saysa da, sovet illərindən ağ una alışmış kənd əhalisi imkanı bərpa olunan kimi yenindən idxal məhsula meyl etməyə başladı. Buğda idxalçısı olan şirkətlərin unu ucuzlaşdırması da burada rol oynadı. Bu şirkətlər həm gətirdikləri malın həcminin artması və dünya bazarında taxıl qiymətlərinin düşməsi, həm də dövlətin idxal buğdaya ƏDV tətbiqini mövsumi dayandırması hesabına kənd bazarını tamamilə ələ keçirdilər. Nəticədə, əyalətlərdəki kiçik və orta dəyirmanlar bir-bir bağlanmağa başladı. İndi dəfələrlə azalmış həmin dəyirmanlar yalnız az sayda imkanlı insanlara xidmət edir. Şəhərlərdə diabeti olan və ya diabetə tutulmaqdan qorxan insanlar buğda alaraq bu dəyirmanlarda üyüdürlər və il uzunu "qara un" çörəyi yerirlər. Belə unun 50 kiloqramlıq kisəsinin xərci 25-30 manatı keçir. Halbuki, kənd əhalisi ağ unun kisəsini 15-20 manata ala bilir. Beləliklə, Azərbaycan ildən ilə buğda idxalını artırmağ başladı. 2000-ci ildə buğda idxalı 780 min tona, 2005-ci ildə isə 1 milyon tona çatdırıldı. Ən yüksək idxal göstərici isə 2008-ci ildə qeydə alınıb və həmin il ölkəyə 1 milyon 460 min ton buğda idxal edilib. Yəni idxal buğda demək olar ki, bütün ölkə özrə çörək və un məmulatları sektorunu öz nəzarətinə götürüb. Maraqlıdır ki, bu illər ərzində yerli buğda istehsalı da artıb və 2008-ci ildə 1,67 milyon ton təşkil edib. Yəni həmin il respubilkada 3 milyon 130 min ton buğda olub və adambaşına buğda mövcudluğu təxminən 350 kiloqram təşkil edib. 2011-ci ildə də təxminən buna yaxın bir rəqəm alınıb - ölkədə 1,6 milyon ton yerli buğda və buğda hesabı ilə 1,3 milyon buğda və idxal unu mövcud olub. Yəni adambaşına buğda mövcudiyyti təxminən 320 kiloqram təşkil edib. Bunun yalnız 140 kiloqramı qida sektoruna yönəlib - bəs, yerdə qalan adambaşına 180 kiloqram buğda mövcudluğu hara sərf edilib?
Mütəxəssislərin rəyinə görə, Azərbaycanın yerli buğdası keyfiyyət göstəricisinə görə idxal buğdasından geri qalır və əsasən yemçilikdə istifadə edilir. Bu üzdən hər il buğda tədarük edən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu (DTF) da ərzaq buğdası ehtiyatı üçün normal yerli taxıl tapa bilmir. DTF-nin rəhbəri Zülfüqar Məmmədov ANS PRESS-ə bildirib ki, 2011-ci ildə DTF yerli fermerlərdən yalnız 3,2 min ton buğda ala bilmişdi. Fond ehtiyat üçün əsas buğdanı isə Rusiya və Qazaxıstan idxal etməyə məcbur olmuşdu. 2011-ci ilin avqustunda DTF-nin anbarlarına 800 min tondan çox buğda idxal elimişdi. "Bizim nizamnaməyə görə, buğda tədarükünün yuxarı həddi yoxdur. Fermerlərin təqdim etdiyi istənilən həcmdə buğdanı almağa icazəmiz var. Əgər özlük dərəcəsi Nazirlər Kabinetinin məyyən etdiyi göstəriciyə uyğun olarsa, bizə həmin buğdanı almağa hazırıq", - deyə Zülfüqar Məmmədov vurğulayıb. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) əməkdaşı Vahid Məhərrəmov yerli buğdanın keyfiyyətsizliyini ekstensiv inkişaf yolunuda görür. Onun sözlərinə görə, Azərbaycanda torpağa lazımi səviyyədə mineral gübrə vermir ki, bu da məhsuldarlığın ildən ilə azalmasına, həmçinin yığılan məhsulun özlük dərəcəsinin aşağı düşməsinə səbəb olur. "Bir ton taxıl əkildiyi sahədən 29,8 kiloqram azot, 10,6 kiloqram fosfat oksid, 24,2 kalium oksid elementi götürür və həmin kimyəvi elementlər qeyri-üzvi gübrələr vasitəsi ilə torpağa qaytarılmalıdır. Ekstensiv inkişaf üsulunda həmin gübrələr geri qaytarılmır, məhsuldarlıq və keyfiyyət aşağı düşür",- deyən Vahid Məhərrəmov 2008-ci ilin misalında örnək göstərir: "Həmin il taxıl sahələrinə 132 min ton gübrə verilmişdi. Növbəti il bu özünü göstərdi və bol məhsul alındı. Amma növbəti ildə torpağa verilən gübrə 2 dəfə, 2010-cu ildə isə üç dəfə azaldıldı". İqtisadçı ekspertin sözlərinə görə, taxıl sahələrinə yalnız azot gübrəsi vermək də doğru deyil: "Azot gövdənin inkişafına yardım edir, amma bitkinin kök sisteminin inkişafı üçün kalium gübrəsi, məhsuldarlığın yüksəldilməsi üçün fosfat gübrəsi verilməlidir". Vahid Məhərrəmov torpağa həmçinin üzvi gübrələrin də verilməsini vacib sayır. Onun sözlərinə görə, üzvi gübrələr verilməyən torpaq öz yapışqanlığını itirir və deqradasiyaya uğrayır. Rəsmi məlumatlara görə də aran ərazilərində torpaqların 47%-i, dağ rayonlarında isə torpaqların 45%-i deqradasiyaya uğrayıb. Vahid Məhərrəmov bu məsələdə ölkədəki mal-qara sayının çox olmasının səbəbkar sayır: "Heyvanların çox olması dırnağı torpağın bitki örtüyünü məhv edir. Heyvandarlıqda da intensiv üsulllar tətbiq edilməlidir, qapalı sahələrdə yəni məhsuldar cins-mal qaranın saxlanmasına üstünlük verilməlidir". Onun sözlərinə görə, taxılçılıqda məhsuldarlığın aşağı olması düzgün marketinqin olmaması ilə bağlıdır: "Kəndli yığdığı taxılı toxum kimi istifadə edir. Bu da toxumun keyfiyyətini ildən ilə pisləşdirir. Halbuki, təbii seçmə getməlidir, ən iri dənələr toxum kimi seçilərək saxlanmalıdıər. Buğda siniflərə bölünməli, ərzaq buğdası ilə yem buğdası ayrılmalıdır. Hazırda bizim fermerlərin buna imkanı yoxdur və ona görə də Dövlət Taxıl Fondun məhsul sata bilmirlər". Onun sözlərinə görə, rayonlar üzrə bu cür təmizləmə-sinifləşdirmə stansiyaları yaradılmalıdır ki, fermerlə aşağı tariflərlə toxum, ərzaq və yem buğdasını seçə bilsinlər.
Vahid Məhərrəmov həm də Azərbaycan ərazilərinin çoxunda taxıl əkilməsini doğru saymır: "Biz taxıl ixrac edən ölkəyə çevrilə bilmərik, ərazimiz çox dardır. Sadəcə dağətəyi rayonlarda 400 min hektarda aqrotexniki qayadalarla intensiv taxıl əkməklə ölkənin tələbatını tam ödəyə bilərik. Qalan 1,2 milyon hektar ərazilərdə isə ixrac edə biləcəyimiz meyvə və tərəvəz növlərini əkməliyik. Bunların sırasında sitrus meyvələri, ərik, şaftalı, badam, feyxoa, xurma, nar və heyva ağaclarını göstərmək olar. Faraş kartof, günəbaxan, soya və çuğundur əkmək də vacibdir, şəkər və bitki yağını bütünlüklə öz xammalımızdan istehsal edə bilərik. Yemçilikdə isə qarğıdalı və yonca əkmək daha faydalıdır. Yoxsa ölkə əkinlərinin əksər hissəsini taxılın altına yatırmaq sadəcə primitiv yanaşmadır",- deyə İTM təmsilçisi vurğulayır. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Btilkiçilik İdarəsinin rəisi Sabir Vəliyev isə İTM təmsilçisinin bu iradları ilə razılaşmır. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının indiki vəziyyəti hələ ki, taxıl əkmək daha yararlıdır. "Təbii ki, texniki bitkilərin əkilməsi daha faydalı olardı. Amma bunun üçün iri meliorasiya işləri görülməli, aran yerlərində torpaqlar şoranlıqdan təmizlənməlidir. Suvarma sistemi modernləşdirilməlidir ki, buna da böyük xərclər tələb edilir. Kəndliyə buğda əkməsini qadağan edə bilmərik, çünki o heyvandarlıqla dolanır və yem kimi arpadan çox buğdaya üstünlük verir", - deyə KTN təmsilçisi vurğulayır. Sabir Vəliyevin dediyində gerçəklik var, Azərbaycan kəndlisi toyuğa və iri buynuzlu mal-qaraya buğda əsaslı yem verməyə üstünlük verir. Çünki buğda ilə qidalanan toyuqlar daha çox yumurta verir, inək və qoyunların isə südü artır. Arpa heyvanlara yalnız kökəltmək üçün verilir. Sabir Vəliyev İTM təmsilçisinin buğda istehsalının az olacağı ilə bağlı dedikləri ilə də razılaşmır: "O yalnız aran rayonlarının yol kənarı sahələrini müşahidə edib. Bu isə bütün Azərbaycan demək deyil. Biz əsas taxılı dağətəyi rayonlardan götütürük. Oralarda isə vəziyyət normaldır, vegetasiya müddəti taxılçılıq üçün əlverişlidir. Düşünürəm ki, bu il taxıl istehsalı üzrə proqnozları yerinə yetirəcəyik. Amma biz boş durmamalıyıq, intensiv üsullarla taxıl istehsalını, xüsusilə də bağda istehsalını artırmalyıq ki, ölkəni ərzaq buğdası ilə özümüz təmin edək",- deyə KTN-in idarə rəisi vurğulayır.
Dövlət Taxıl Fondunun (DTF) rəhbəri, peşəkar taxılçı-alim Zülfiqar Məmmədov da Azərbaycanda taxıl istehsalının artırılmasını vacib sayır: "Normativlərə görə, ərzaq təhlükəsizliyi üçün adambaşına 1 ton dənli bitki istehsal edilməlidir. Yəni Azərbaycan həm heyvandarlığın, həm sənayenin, həm də qida sektorunun ehtiyacları üçün 9 milyon ton taxıl istehsal edilməlidir. Azərbaycanda bu göstəricilərə intensiv yolla, aqrotexniki qaydalara riayət etməklə çatmaq olar",- deyə Taxıl Fondunun rəhbəri vurğulayır. DTF rəhbərinin dedikləri Rusiyanın aqrar sektorunun strukturunda da sübut edilir. Bu ölkədə 140 milyon əhali yaşayır, taxıl istehsalı ildə 100 milyon tona yaxındır və bunun 75 milyon tonu, yəni adambaşına 0,53 ton taxıl yerli istehlaka yönəlidilir. Rusiya ekspertləri bunu ölkənin ərzaq təhlükəsizliyi baxımından riskli sayırlar. Onlar Rusiyanın süd və ət məhsullarının əhəmiyətli hissəsi xaricdən gətirilməsini təhlükəli sayırlar. Bu ekspertlərin fikrincə, Rusiyanan buğda ixracı imkanları yalnız Sovet İttifaqının dağılmasından sonra yaranıb - bir sıra heyvandarlıq kompleksləri məhv edilib ki, onların ət-süd, yumurta bazarındakı payını qərb şirkətləri ələ keçirib. Nəticədə, Rusiyanın daxili taxıl istehlakı səviyyəsi 100 milyon tondan 75 milyon tona düşüb.