Afinada “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” mövzusunda biznes forum keçirilib

Afinada “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” mövzusunda biznes forum keçirilib

Afinada Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması" mövzusunda biznes forum keçirilib. Forumda ölkəmizi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təmsil edib. "Olaylar" xəbər verir ki, Forumun açılış mərasimində Yunanıstan Sahibkarlar Federasiyasının vitse-prezidenti Konstantinos Bitsios, Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin icraçı direktoru Georgios Filiopulos, Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov çıxış edib, iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikirlərini bölüşüb. Bildirilib ki, belə tədbirlər hər iki ölkənin biznes strukturlarının nümayəndələrinə mövcud imkanlar barədə daha çox məlumat verilməsinə və gələcək əməkdaşlığın qurulmasına zəmin yaradır.

Forum çərçivəsində baş tutan "Azərbaycanda biznes mühiti" panelində  Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Leyla Məmmədova təqdimatla çıxış edib, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar və aqrar sahənin inkişafında həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, yerli məhsulların tanıdılmasında biznes missiyaların əhəmiyyəti böyükdür: "Yunanıstan da Azərbaycan kimi kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayırır. Bu oxşar cəhət ölkələrimiz arasında aqrar sahədə daha sıx əməkdaşlıq üçün zəmin yaradır. Hazırda Azərbaycanda bu sahədə aparılan islahatlar və dövlətin xüsusi diqqəti nəticəsində kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf gedir. Azərbaycanın ixrac potensialı hər il artmaqdadır. Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarını həm təzə halda, həm də emal olunmuş şəkildə idxal etmək mümkündür. Biz Yunanıstanın Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr sırasında xüsusi yer tutmasını istəyirik. Ümid edirəm ki, həyata keçirdiyimiz bu biznes missiya uğurlu olacaq və ölkələrimiz arasında yeni işgüzar əməkdaşlıqlara öz töhfəsini verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31