Şamaxıda Azərbaycan, gürcü və fransız sortlarından ibarət üzüm bağları salınıb
Şamaxıda Azərbaycan, gürcü və fransız sortlarından ibarət üzüm bağları salınıb
27 Yanvar 2020 16:20 İqtisadiyyatÜzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə "Şirvan şərabları" MMC-nin nümayəndələri arasında görüş keçirilib. Fransız texnoloq Jean Montanetin dəvəti ilə baş tutmuş görüşdə institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, institutun əməkdaşları aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rauf Əsədullayev, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov iştirak ediblər. "Olaylar" xəbər verir ki, Şamaxı rayonu Meysəri kəndində orqanik bioşərab istehsalı məqsədilə yaradılmış üzümçülük və şərabçılıq kompleksinin ərazisində Azərbaycan, gürcü və fransız sortlarından ibarət bağlar salınıb. Müasir texnologiya əsasında inşa edilmiş zavodda "Meysəri" markası ilə yüksək keyfiyyətli şərablar istehsal olunur. Kompleksin üzüm bağlarında yetişdirilən "Mədrəsə", "Şirvanşahı", "Xindoqnı", "Arna-qrna", "Bayanşirə" və "Saperavi" üzüm sortlarından salınmış bağların məhsulundan yüksək keyfiyyətli şərabların istehsalı məqsədilə hektardan məhsuldarlığın 7 ton olmasını təmin etmək üçün yerli torpaq-iqlim şəraitinə uyğun olaraq tənəklərə məqsədəuyğun yükün verilməsi, becərilmə texnologiyalarındakı xarakterik xüsusiyyətləri, biokimyəvi və texnoloji potensialları ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə iqlim dəyişiklikləri fonunda Şamaxı rayonunda da hava şəraitində baş verən dəyişikliklərin üzümün keyfiyyətinə təsirinin optimallaşdırılmasına yönəldilmiş becərmə texnologiyasının müəyyən edilməsi ən vacib məsələ kimi qarşıya qoyulub.
Görüş çərçivəsində tarla şəraitində texniki üzüm sortlarının tənəkləri üzərində yerli torpaq-iqlim şəraitinə uyğun olaraq budama, formavermə qaydaları praktiki olaraq nümayiş etdirilib. Sonra zavodda yerli və introduksiya olunmuş üzüm sortlarından istehsal olunmuş şərablar müqayisəli üsulla dequstasiya edilərək fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planının 2.2 bəndinə uyğun olaraq "Şirvan şərabları" MMC-nin üzüm bağlarının coğrafi göstəricisinin qeydiyyatının təmin edilməsi qərara alınıb.