“Azneft” İstehsalat Birliyində yeni təyinatlar
“Azneft” İstehsalat Birliyində yeni təyinatlar
24 Yanvar 2020 17:22 İqtisadiyyat"Azneft" İstehsalat Birliyində (İB) yeni təyinatlar olub. Elmir Qaragözov İB-nin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər. Birlikdən "Olaylar"a verilən məlumata görə, bu münasibətlə "Azneft" İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə, SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və "Azneft" İB-nin İnsan Resursları Departamanetinin rəisi Cavid Umbayev yeni təyinatlarla bağlı müvafiq əmrləri diqqətə çatdırıblar, onların iş fəaliyyəti barədə məlumat veriblər. Yeni vəzifələrə təyin olunan şəxsləri təbrik edən "Azneft" İB-nin baş direktoru Şahmar Hüseynov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov şirkətin struktur bölmələri arasında "Azneft" İB-nin əhəmiyyətini xüsusi olaraq vurğulayıb, gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib. Sonda Elmir Qaragözov və Balaəli Cəfərov çıxış edərək onlara göstərilən yüksək etimada görə SOCAR və "Azneft" İB-nin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.