Əli Həsənov Prezident İlham Əliyevin XVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub

İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. "Azadinform" xəbər verir ki, Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir. Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 58 ölkədən gəlmiş 450-dən çox nümayəndənin - prezidentlərin, baş nazirlərin, nazirlərin və digər rəsmi şəxslərin iştirak etdikləri "Azərbaycan gecəsi" keçirilib. Gecədə müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub. Zirvə Toplantısında Türkiyə Prezidenti Abdullah Gülün və UNESCO-nun baş katibi İrina Bokovanın da müraciətləri oxunub. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver açılış nitqində bildirib ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il də dünyanın bütün qitələrindən qonaqların iştirakı ilə planetin aktual məsələlərini gündəmə gətirir. O vurğulamışdır ki, hər il olduğu kimi, bu il də Azərbaycan Zirvə Toplantısının işində ən fəal ölkə kimi iştirak edir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Makedoniya Prezidenti Gyorge İvanov, Albaniya Prezidenti Bujar Nişani, Türkiyənin ətraf mühitin qorunması və meşə təsərrüfatı naziri Veysəl Eroğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, millət vəkilləri çıxış edərək Zirvə Toplantısının əhəmiyyətindən bəhs etmiş, tədbirin işinə uğurlar diləyiblər. Sonra toplantı işini bölmə iclaslarında davam etdirmişdir. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov ölkəmizdə müasir kommunikasiya texnologiyaları, təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs etmişlər. Çıxışlarda vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində bu gün ölkəmiz kosmosda süni peykə malik olan inkişaf etmiş dövlətlər arasında yer alıb.

Mədəniyyət və media üzrə keçirilən bölmə iclaslarında Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla və Qadın Jurnalistlər Birliyinin sədri Sevil Yusifova məruzələrlə çıxış edilər.

XV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 11-də davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31