Azərbaycan və İtaliya Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Azərbaycan və İtaliya Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. "OLAYLAR" xəbər verir ki, Komissiyanın iclasında çıxış edən Energetka naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin uğurla inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb. Bilidirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7% artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib və 10,5%-lik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb. Energetika naziri indiyə kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard ABŞ dolları investisiya yatırıldığını diqqətə çatdırıb.

İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını və ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən  son iki ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bildirib ki, komissiyanın iclası mövcud əməkdaşlığın dəyərləndirilməsinə və yeni istiqamətlər üzrə əlaqələrin inkişafında mühüm rol oynayacaq. Azərbaycan iqtisadi və enerji sahələrində  İtaliyanın  regionda  diqqət yetirdiyi vacib ölkələrdən biridir.

İclasda ticarət-iqtisadi, enerji, infrastruktur-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə tədbirlər müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31