2020-ci ildə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq
2020-ci ildə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq
10 Yanvar 2020 12:56 İqtisadiyyat2019-cu ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Bakıda və ölkə regionlarında mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, maliyyə savadlılığının artırılması, korporativ idarəetmə, satış və marketinq, dövlət-özəl tərəfdaşlığı və s. mövzularda təşkil edilmiş tədbirlərdə 8 mindən çox KOB subyekti iştirak edib. "Olaylar" xəbər verir ki, KOBİA yerli və xarici ekspertlərin də cəlb olunduğu maarifləndirici tədbirlərin keçirilməsində dövlət qurumları, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyaları və QHT-lərlə əməkdaşlıq edib, bu sahədə biznes tərəfdaşlığı platformasından istifadə olunub.
Bundan başqa, 2019-cu ildə Azərbaycan tərəfindən KOBİA-nın, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı" çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçib. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanıb. Bu il 40-a yaxın sahibkar və menecer Almaniyada ixtisartırma kursu keçəcək. 2020-ci ildə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən onlayn təlim platformasının istifadəyə verilməsi, kiçik və orta biznesin inkişafı mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.