Keçən il "Azərsu" ASC-nin xidmətləri ilə bağlı 109 mindən çox müraciət olunub
Keçən il "Azərsu" ASC-nin xidmətləri ilə bağlı 109 mindən çox müraciət olunub
9 Yanvar 2020 16:32 İqtisadiyyat"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2019-cu ildə bu mərkəzlərə "Azərsu" ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı xeyli artıb. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, hesabat ilində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində fəaliyyət göstərən "Azərsu" ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 109532 müraciət edilib. Müqayisə üçün qeyd edək ki, bu, 2018-ci illə müqayisədə 31,6 faiz çoxdur. 2019-ci ildə daxil olmuş müraciətlərin 59927-si "ASAN Kommunal", 49605-i isə "ASAN xidmət" mərkəzlərində qeydə alınıb. Ötən il vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri ilə bağlı müraciətlər edib.