“Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməlini qoyan İlham Əliyevə təşəkkürümü bildirirəm”

“Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməlini qoyan İlham Əliyevə təşəkkürümü bildirirəm”

Qalib Məmmədov: "Ümummilli lider Heydər Əliyev darmadağın olmuş bir ölkədən bizə güclü, qüdrətli bir Azərbaycan yaratdı"

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət və biznes mühitinin daha da yaxşılaşdırılması iqtiqamətində atılan addımlar ölkədə çoxlu sayda sahibkar təbəqəsinin formalaşması, onların öz fəaliyyət dairələrini genişləndirməsinə imkan yaradır. Xüsusilə, dövlət başçısı Cənab İlham Əliyevin iş adamları, investorlar üçün yaratdığı münbit şərait yerli və xarici iş adamlarını Azərbaycana daha çox sərmayə yatırmağa sövq edir.

Azərbaycan dövləti və şəxsən dövlət başçısı Cənab İlham Əliyevin iş adamları, sahibkarlara göstərdiyi diqqət və qayğıdan, onların fəaliyyətinə normal şərait yaradılması istiqamətində gördüyü işlərdən ruhlanaraq daha səmərəli fəaliyyət göstərən iş adamlarından biri də KDY Loqistik Şirkətinin rəhbəri Qalib Məmmədovdur. Məlumat üçün qeyd edək ki, onun rəhbərlik etdiyi şirkət hazırda təkcə Azərbaycan miqyasında deyil, eləcə də ondan kənarda kifayət qədər səmərəli və uğurlu fəaliyyət göstərən bir şirkət kimi tanınır. Günümüzdə şirkət Rusiya və Avrasiya regionunda  loqistik sektorun lideri hesab edilir. Təsadüfi deyil ki, Qalib Məmmədov da rəhbərlik etdiyi şirkətin, eləcə də özünün bir sahibkar kimi uğurlu fəaliyyət göstərməsi, "KDY Loqistik"in sözügedən regionda lider şirkətə şevrilməsində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iş adamlarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edir. Bu günlərdə nüfuzlu dərgilərdən hesab edilən "İpək Yolu" jurnalına verdiyi müsahibədə iş adamı rəhbərlik etdiyi şirkətin fəaliyyəti, gördüyü işlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivlərindən danışıb.  Əvvəlcə biznes fəaliyyətinə başlamasının qısa tarixcəsinə nəzər salan  iş adamı bildirib ki, 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən  işğala məruz qalmasından sonra məcburən həmin rayonu tərk etmək məcburiyyətində qalıb: "Həmin illərdə Azərbaycanda vəziyyət ağır olduğu üçün Rusiyaya köçdüm və uzun zaman Sibirin İrkutsk vilayətində yaşadım. Bir müddət sonra isə Moskvaya köçdüm. Ancaq artıq 3 ildir ki, Bakıda yaşayıram. Şirkətimizin mərkəzi ofisi də Bakı şəhərində yerləşir. Şirkət olaraq dünyanın 10 ölkəsi ilə əlaqələrimiz var və həmin ölkələrlə fəaliyyətimizi davam etdiririk. Bu sırada Türkiyə, İran, Gürcüstan, Orta Asiya respublikaları, Rusiya Federasiyasını qeyd edə bilərəm.  Şirkət həm daşınma, həm də treydinq işi ilə məşğuldur".  Müsahibədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətinə də xüsusi toxunan müsahib belə bir layihənin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fəaliyyətini xüsusi qeyd edib və Cənab İlham Əliyevə bu səbəbdən xüsusi təşəkkürünü ifadə edib: "Bu layihə, dəmir yolu xətti çox önəmli bir bağlantıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm iki qardaş ölkənin daha da yaxın olması, həm də ticari sahədə çox böyük anlam daşıyır. Bu xətt həm də Türkiyəni Orta Asiyaya, Türk dünyasına birləşdirir. Eyni zamanda indiyə qədər Qara dəniz üzərindən daşınan yüklərin BTQ xətti ilə daşınmasına yol açır və prosesi bir qədər də asanlaşdırır. Bir sözlə bu dəmir yolu xəttinin önəmi çox böyükdür. Çünki dənizdə güclü külək ola, yaxud bir başqa problemlər meydana çıxa bilər. Əgər Türkiyədən Rusiyaya qarşılıqlı olaraq yüklər dəniz yolu vasitəsilə 14-15, bəzən isə 20 günə daşınırdısa, indi BTQ vasitəsilə bu proses 4-5 günə başa gəlir". Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşü, eləcə də Rusiya Federasiyasının Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə olan marağına da toxunan şirkət rəhbəri qeyd edib ki, şimal qonşumuz hər zaman bu layihəyə dəstək nümayiş etdirib. Onun sözlərinə görə, Rusiya tərəfindən loqistik mərkəzdə gömrük məntəqəsi təşkil edilib, laboratoriya yaradılıb: "Dərbənddə Türkiyə, İran və Azərbaycandan gələn yüklərə yaşıl işıq yandırılıb. Artıq Dərbənddən heç bir problem yaşamadan keçə bilirik.  Rusiya bizə çox böyük dəstək verir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə çox böyük önəm verir. Çünki Rusiya da bu dəmir yolu xətti üzərindən müəyyən fəaliyyətlər həyata keçirmək istəyir.  Elə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşdə də belə bir fikir vurğulandı ki, Rusiya Prezidenti Vladimir Putinin ən önəmli təlimatlarından biri BTQ dəmir yolu xəttinin daha da genişləndirilməsi olub. "Şimal-Cənub" nəqliyyat dəhlizi, eləcə də BTQ xəttinin genişləndirilərək Həştərxanda loqistik mərkəz yaradılması mütləqdir. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Bu gün Həştərxandakı loqistik mərkəzə Türkiyə, İran, Özbəkistan və Qazaxıstana meyvə-tərəvəz məhsulları daşınaraq oradan da  Rusiyaya paylanmaqdadır. Adlarını çəkdiyim ölkələrlə də fəaliyyətimiz dəmir yolu üzərindən davam edir və getdikcə bu fəaliyyətlərimiz inkişaf edir". Şirkət rəhbəri onu da deyib ki, BTQ dəmir yolu xəttinin daha səmərəli fəaliyyət göstərməsi üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev lazım olan bütün addımları atıb və atmaqda da davam edir. Eyni zamanda "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi də bu işlərə böyük dəstək verir: "Gürcüstan tərəfi də bu prosesə yardımçı olur. Yalnız Türkiyədə xırda problemlər var. Qısa zamanda həmin problemlərin də həll olunacağına inanıram. Bu gün Türkiyədən Rusiyaya çox böyük həcmdə yük daşınır. Bu yüklər içərisində təkcə meyvə-tərəvəz deyil, eyni zamanda digər məhsullar da var. Rusiyadan Türkiyəyə isə təkcə 2018-ci ildə 8,5 milyon ton buğda daşınıb. Eyni zamanda kömür və dəmir məmulatları da daşınıb. Hazırda bu məhsulların bir qismini dəmir yolu xətti vasitəsilə daşıyırıq və düşünürəm ki, bir il içərisində daha çox yükdaşıma həyata keçirə biləcəyik. Bu xəttin önəmi Azərbaycan üçün həm strateji, həm də iqtisadi baxımdan çox böyükdür. Bu həm də ölkə büdcəsinə gəlir gətirir. Bu layihə Türkiyə üçün də önəmlidir. Çünki dəniz vasitəsilə daşınan yüklərin ölkə büdcəsinə təsiri olmur.  Ancaq bu gün yüklər dəmir yolu vasitəsilə daşındığı üçün onun iqtisadi faydaları olur". Müsahibəsində Azərbaycanda həyata keçirilən uğurlu siyasət və iqtisadi sahədə əldə edilən uğurlara da toxunan müsahib deyib ki, bu gün Azərbaycan dövləti güclü inkişaf edir: "Mən Rusiya və dünya miqyasında olan bir iş adamıyam. Fəaliyyətimizin təməlini Rusiyada qoymuşuq.  Dünyanın 10-dan çox ölkəsində ofislərimiz mövcuddur.  Son 3 ildir ki, Bakıda ofisimizi qurduq. Bakıda ofisimizi açarkən bir çoxları "bacara bilməzsiniz", "işləyə bilməzsiniz" kimi fikirlər söylədilər. Ancaq mən nə deyilməsindən asılı olmayaraq Bakıda ofisimizi açdım və bu gün də əminliklə deyirəm ki, bizim ölkədən daha gözəl olan bir ölkə yoxdur. Çünki biz işimizi düzgün görürük, vergilərimizi zamanında ödəyirik. Bu dünyanın hər yerində belədir. Mən yaxın ətrafım, qohum-əqrəbalarım, xaricdə olan iş adamlarına səslənirəm ki, gəlib öz ölkənizə sərmayə yatırın. Azərbaycanın necə bir gözəl ölkə olduğunu o zaman siz də görəcəksiniz. Biz şirkət olaraq bir çox ölkələrdə fəaliyyətdəyik. Ancaq ən rahat, vergidə heç bir problemin yaşanmadığı ölkə məhz Azərbaycandır". Bu günkü müstəqil, uğurlu inkişaf yolu keçən Azərbaycanın bizə ümummilli lider Heydər Əliyevdən miras qaldığını deyən  şirkətin rəhbəri onu da bildirib ki, hələ 1993-cü ildə İrkutskuya gedərkən orada ümummilli lider Heydər Əliyevdən ona çox bəhs etmiş, ümummilli liderin nə qədər zəngin siyasi təcrübəyə malik bir dövlət adamı olduğunu söyləmişdilər: "Qeyd etdiyim kimi 1993-cü ildə məcburən torpağımdan ayrılmaq, Azərbaycandan getmək məcburiyyətində qaldım. Və İrkutsk şəhərinə yerləşdim. Orada ilk tanış olduğum insanlar mənə bunları deyirdi: "Sizin Heydər Əliyev kimi lideriniz var. O, BAM dəmir yolu xəttini çəkdirib və BAM-da böyük uğurlara imza atıb. Heydər Əliyev sovetlərin zamanında mühüm vəzifələrdə çalışıb". O zamandan etibarən mən ümummilli liderin fəaliyyətini daha dərindən izləməyə başladım. Gördüm ki, ümummilli lider Heydər Əliyev darmadağın olmuş bir ölkədən bizə güclü, qüdrətli bir Azərbaycan yaratdı. 1990-cı illərdə bizi kimsə tanımırdı. Fəaliyyət göstərdiyimiz ölkələr, Çin, Hindistan və digər dövlətlərdə bizdən haralı olduğumuzu soruşanda Azərbaycan deyərkən, cavabları bu olurdu. Bəli, sovetlərin tərkibində olan bir vilayət. Ancaq bu gün bizi bütün dünya tanıyır və biz bundan qürur duyuruq. Heydər Əliyev bizlərə belə bir güclü dövlət miras qoydu. Allah Ona qəni-qəni rəhmət eləsin. Ona görə də mən hər zaman Heydər Əliyev kimi bir liderimiz olduğundan qürur duyuram. Hazırda da Cənab Prezident İlham Əliyev ümummilli liderimizin yolunu layiqincə davam etdirir". Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq əlaqələrinə, münasibətlərinə də diqqət çəkən iş adamı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi biz bir millət, iki dövlətik: "Bu çox gözəl və anlamlı bir cümlədir. Hara getsək də, Türkiyə bizim ikinci vətənimizdir. Qısacası, biz Türkiyədə özümüzü öz evimizdəki kimi hiss edirik. Xüsusilə Iki ölkənin prezidentləri arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri bizim aramızda olan əlaqələri daha da genişləndirir, inkişaf etdirir. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı çox gözəl bir örnək təşkil edir. İnanıram və ümid edirəm ki, bu dostluq-qardaşlıq əbədiyyətə qədər davam edəcək. Onu da qeyd etmək istərdim ki, günümüzdə türk dövlətləri olaraq bir-birimizi dəstəkləyirik. Eyni zamanda türk dövlətlərinin dildə, fikirdə, əməldə birləşməsi çox önəmlidir və bütün bunların olmasını arzu edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31