"Son 4 ildə pambıqçılıq sahəsində böyük nəticələr əldə olunub"
"Son 4 ildə pambıqçılıq sahəsində böyük nəticələr əldə olunub"
23 Dekabr 2019 15:34 İqtisadiyyat"Azərbaycanda pambıqçılıq sahəsinin böyük potensialı var. 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olanda əldə olunan uğur və nailiyyətlər bunu sübut edir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ümummilli lider Heydər Əliyevin Moskvaya getməsindən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdiyini deyən ekspert söyləyib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ildə pambıqçılığın inkişafına diqqət ayırması ilə bu sahələrin inkişaf etdirilməli olduğu bir daha gündəmə gəldi.
P. Heydərov xatırladıb ki, 2016-cı ilin I rübü ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin aprel ayında keçirilən iclasında Prezident İlham Əliyevin pambıqçılığın bərpası ilə əlaqədar məsələ qaldırması təsadüfi deyildi: "Çünki 2014-2016-cı illərdə neftin qiyməti ölkəni silkələdikdən sonra prioritet sahələr olaraq, sənaye ilə kənd təsərrüfatı seçilmişdi ki, bu da kənd təsərrüfatında keçmiş ənənələr bərpa etməyi zərurətə çevirmişdi. Prezidentin pambıqçılığa diqqət ayırması ilə, cəmi iki il ərzində bu sahədə dönüş yarandı. Belə ki, 2016-cı ildə bütün güclər səfərbər edildi. Texnikalar alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Nəticədə 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. Bu rəqəm 2015-ci illə müqayisədə 3 dəfə çox idi".
İqtisadçı vurğulayıb ki, 2015-ci ildə cəmi 18 min 700 hektar sahə əkilmişdisə və 35 min ton məhsul götürülmüşdüsə, 2016-da 51 min hektar və 90 min ton, 2017-ci ildə isə 136 min hektar sahəyə pambıq toxumu səpilməklə (3 dəfədən çox sahəyə), 207 min ton məhsul götürülmüb: "Keçən il 132 min hektarda pambıq əkilsə də, 233 min, bu il isə 100 min hektar əkilməklə 294 min ton məhsul tədarük edilib".
P. Heydərov əlavə edib ki, sözün qısası, ölkədə pambıqçılıq sahəsində son 4 ildə çox böyük nəticələr əldə olunub: "Bunda Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı da mühüm rol oynayır. Sözügedən sənədin girişində yazılıb ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib".