Diplomatik korpus nümayəndələri “Sitrus vadisi” aqroturunda iştirak ediblər
Diplomatik korpus nümayəndələri “Sitrus vadisi” aqroturunda iştirak ediblər
16 Dekabr 2019 14:57 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC (ATT) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Sitrus vadisi" aqroturu təşkil olunub. "Olaylar" xəbər verir ki, Lənkəran şəhərinin İstisu qəsəbəsində yerləşən "Citrus Valley" fermer təsərrüfatına təşkil olunmuş aqroturda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Sitrus vadisi" təsərrüfatının sahibi fermer Rəftarə Şükürova aqrar fəaliyyəti barədə qonaqlara məlumat verib: "Təsərrüfat sahəm 15 hektar ərazini əhatə edir. Burada müxtəlif sitrus meyvələrinin yetişdirilməsi ilə məşğulam. Bir ildir ki, mən "Aqrar Tədarük və Təchizat" ASC ilə əməkdaşlıq edirəm. Bizim əməkdaşlığımız "Kənddən Şəhərə" layihəsi ilə başlayıb. İndi isə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində əməkdaşlıq edirik. İki aylıq əməkdaşlığımız çərçivəsində artıq 150-ə yaxın turisti qəbul etmişik. Gələcəkdə bu sayı daha da artırmaq istəyirik".
Aqrotur çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev Lənkəran rayonunda aqrar sahədəki inkişafdan bəhs edib: "Lənkəran çay, çəltik və sitrus təsərrüfatları ilə hər zaman məşhur olub. Bu tədbirin baş tutduğu İstisu qəsəbəsi rayonda ilk çay fabrikinin tikildiyi qəsəbədir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar nəticəsində biz Lənkəranda təsərrüfat sahələrini inkişaf etdirməyə davam edirik. Hal-hazırda Lənkəranda min hektardan artıq çəltik, 500 hektardan artıq isə çay becərilir". Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə çıxışında ölkədə aqrar sahədə aparılan islahatlar barədə məlumat verib: "Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət tərəfindən dəstək göstərilir. Aqrar sahədə islahatların aparılmasında məqsəd innovativ texnologiyaların tətbiqi ilə bağçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasını təmin etməkdir. Ümid edirik ki, həyata keçirdiyimiz layihələr sayəsində aqrar turizmin inkişafı təmin olunacaq. Çalışacağıq ki, bir ildən sonra ölkəmizdə aqroturizmin daha böyük nəticələrini sizinlə bölüşək".