Vergilər ödənişində yenilik
23 Aprel 2012 13:28 İqtisadiyyatAzərbaycanın vergi sistemində beynəlxalq təcrübəyə uyğunlaşdırılmış növbəti yeniliyin reallaşdırılması gözlənlir. Belə ki, ABŞ-da tətbiq olunan vergi ödənişlərinin elektron federal sistemi, o cümlədən "Call Centre" vasitəsilə vergilərin ödənilməsi haqqında təcrübə öyrənilib.
Hazırda ona uyğun olaraq, vergilərin elektron formada ödənilməsi və e-ödənişlərin tətbiqini reallaşdırmaq üçün işlər aparılır. "Olaylar"ın verdiyi məlumata görə, bu barədə ictnews elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ödəyicilərin fəaliyyət növünün dəyişdirilməsi və ya dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsi üzərində də işlər gedir: "Elektron xidmətlərin genişləndirilməsi istiqamətində aparılan tədbirlərdən biri kimi, 2012-ci ildən yerli investisiyalı hüquqi şəxslərin e-qeydiyyatına başlanılıb, təqdim olunan elektron xidmətlərin siyahısı genişlənib. "Twitter" sosial şəbəkəsində nazirliyin rəsmi səhifəsi fəaliyyətə başlayıb. Bundan başqa, regionlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb. Xidmət terminallarının xidmət mərkəzlərinə çevrilməsi ilə ödəyicilər vergi orqanları tərəfindən göstərilən bütün xidmətlərdən xidmət mərkəzlərində də yararlana biləcəklər. Hazırda vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı fəaliyyət növünün dəyişdirilməsi, fəaliyyətin dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsi ilə bağlı aparılan işlərin bu il ərzində tam başa çatdırılması nəzərdə tutulur".