“Golden Gral” ın istehsalı dayandırıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Məhəmmədi Məhəmmədli qəsəbəsində Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Golden Gral" əmtəə nişanlı tərxun və üzüm alkoqolsuz içkilərinin  gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, həmin içkilərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə məhsulların etiketində içkilərin qida və enerji dəyərinin göstərilmədiyi müəyyən edilmişdir.
Bundan başqa, yoxlama zamanı müəssisədə istehsal olunan sərinləşdirici içkilərin laborator müayinəsi aparılmadan satışa çıxarıldığı aşkarlanmışdır.
Müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirci içkilərin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması,  habelə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilmiş 1630 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Rauf Novruzova icrası məcburi göstəriş verilmişdir.
Araşdırmalar davam edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31