Prezident İlham Əliyev: "Biz ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə əsas məsələ təhsildir"
8 Aprel 2013 13:39 İqtisadiyyatAzərTAc xəbər verir ki, aprelin 8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.
"Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar" mövzusundakı birinci sessiyanı açan Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsindən qürur duyduqlarını vurğuladı, ölkəmizin son illərdə sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Uzunmüddətli inkişafa nail olmaq üçün əməkdaşlığın zəruriliyini vurğulayan natiq Azərbaycanın coğrafi mövqeyinin, yüksək təhsilli işçi qüvvəsinin, əlverişli mühitin olmasının ölkəmizlə uğurlu əməkdaşlıq imkanları yaratdığını qeyd etdi.
Bildirildi ki, Dünya İqtisadi Forumunun məqsədi dayanıqlı inkişafa nail olmaq üçün uzunmüddətli təşəbbüslərə start verməkdir. Regionun uzunmüddətli inkişafına nail olmaq üçün burada geniş istiqamətlər müəyyən olunacaq, müzakirələr aparılacaqdır. Məqsəd region ölkələrinin nadir imkanlarını aşkar etməkdir.
K.Şvab çıxışının sonunda dostcasına münasibətinə və Dünya İqtisadi Forumu ilə yüksək əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonra Cənubi Qafqazın və Mərkəzi Asiyanın iqtisadi inkişafı ilə bağlı qısa film nümayiş etdirildi.
ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Star region ölkələrinin əməkdaşlıq imkanlarından danışdı.
Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.
Ölkəmizin uğurlu inkişafı barədə məlumat verən dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının sürətli inkişafından danışdı. Son on il ərzində bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsi olmuşdur, - deyən dövlətimizin başçısı bu müddətdə iqtisadiyyatımızın üç dəfə artdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, biz ölkəmizin enerji zənginliyini insan kapitalına yatırırıq ki, bu sahədə əsas məsələ təhsildir.
Fevralda peykimizin uğurla orbitə buraxıldığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın artıq azsaylı kosmos ölkələrindən olduğunu qeyd etdi.Daha sonra Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtzan Sagintayev, Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostin, Qırğızıstan Baş nazirinin birinci müavini Comart Otorbayev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış etdilər.
Forum işini davam etdirir.