Nazir müavini: "EKTİS-in tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir"
Nazir müavini: "EKTİS-in tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir"
3 Dekabr 2019 15:02 İqtisadiyyat"Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir. Xidmətlərin elektronlaşdırılması subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq, prosesin daha şəffaf şəkildə təmin olunmasına imkan verəcək, ünvanlığı təmin edəcək". "Olaylar" xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şabran və Siyəzən rayonlarında keçirdiyi görüşlər zamanı deyib. Nazir müavini bildirib ki, fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsi istiqamətində 2019-cu il ərzində mühüm işlər görülüb: "İndi isə prosesin daha mühüm mərhələsi - payızlıq əkinlərin bəyan edilməsi dövrü başlanıb. Fermerlər hansı məhsulu əkdiklərini sistemdə bəyan etməlidir. 2020-ci ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Artıq 110 mindən artıq fermer payızlıq əkini bəyan ediblər. Fermerlərimizi bu prosesi sürətləndirməyə, yerli icra hakimiyyəti orqanlarını sənədlərin toplanması, yenilənməsi, meydana çıxa biləcək texniki problemlərin həlli məsələsində fermerlərə dəstək olmağa çağırıram".