SOCAR Rumıniya iqtisadiyyatına 20 milyon avro investisiya yatırıb
5 Aprel 2013 18:59 İqtisadiyyatBuxarestdə keçirilmiş ZF Enerji Sammitində Rumıniyanın dövlət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən RomPetrol-Kaz Munay Gaz, Siemens, ExxonMobil, AzoMureş-Gübrə, MOL Romania, Electrogroup, Smart Group və digər aparıcı yerli və xarici şirkətlərlə yanaşı SOCAR-ın bu ölkədəki nümayəndəliyinin təmsilçiləri də iştirak ediblər. "Azadinform" xəbər verir ki, tədbirdə şirkətin fəaliyyəti və qazandığı uğurlar, regionda, eləcə də qonşu Türkiyə və Rumıniyada həyata keçirdiyi investisiya layihələri haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, qısa müddətdə SOCAR Rumıniya iqtisadiyyatına 20 milyon avro investisiya yatırıb. Bu il paytaxt Buxarest də daxil olmaqla, Rumıniyanın bir çox bölgəsində SOCAR brendi ilə fəaliyyət göstərən yeni YDM-lərin istifadəyə veriləcəyi də forum iştirakçılarının diqqətinə çatdırılıb.
Sammit ərəfəsində Rumıniyanın geniş oxucu kütləsinə malik "Ziarul Financiar" qəzetində SOCAR haqqında geniş məqalə dərc edilib. Məqalədə vurğulanır ki, SOCAR Rumıniyada fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkə bazarında özünə layiqli yer tutmuş və möhkəmlənmişdir. Rumıniyanın şimali-şərqində şirkətin 14 YDM-i istifadəyə verilmişdir. Yaxın vaxtlarda isə Bacau, Focşani və Roman şəhərlərində daha 3 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır. Gələcəkdə Transilvaniyada və ölkənin cənub regionlarında da müasir standartlara cavab verən yeni YDM-lərin açılması nəzərdə tutulur. Məqalədə qeyd edilmişdir ki, SOCAR tərəfindən 2013-cü ildə Rumıniyada ümumilikdə 50 milyon avro dəyərində investisiya qoyuluşu və daha 20 YDM açılması planlşadırılır.