Maliyyə Bazarlarına Nəzarət Palatası uğursuz fəaliyyətini çoxdan sübut etmişdi- TƏHLİL

Maliyyə Bazarlarına Nəzarət Palatası uğursuz fəaliyyətini çoxdan sübut etmişdi-TƏHLİL

Bir neçə il əvvəl baş verən dünya iqtisadi böhranı əksər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi.  Düzdür; Azərbaycanda həyata keçirilən antiböhran tədbirləri sözügedən böhranın ölkəmizə minimum səviyədə təsirini göstərdi.  Və bu təsirlər daha çox ölkənin maliyyə və bank sektorunda müşahidə edildi  Həmin dövrdə həyata keçirilən mühüm tədbirlərdən biri ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması olsa da,  fəaliyyət göstərdiyi müddətdə bu qurum heç də uğurlu addımlar atmadı, bank, maliyyə sektorunda mövcud olan problemlərin həllində önəmli rol oynamadı  Hətta bir sıra hallarda bank və maliyyə sektorunda ciddi etirazlar yarada biləcək, ancaq bu sektorda mövcud olan problemlərin həllinə heç bir təsir göstərməyəcək qərarları ilə yadda qaldı.  Elə bu səbəbdən idi ki, haqlı olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasənın ləğv edilməsi kimi təşəbbüslər gündəmə gəlirdi. Qurumun ötən müddət ərzində uğursuz fəaliyyət göstərdiyi iqtisadçı ekspertlər tərəfindən də təhlil edilirdi.  Elə bütün bu təhlillər və uğursuz fəakiyyətin  nəticəsi olaraq ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi.

***

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilməsi və qanunvericilikdə maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi gözlənilən və əslində, bir az da bundan əvvəl atılması tələb olunan addım idi. Onun sözlərinə görə,  ölkə Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılan Palata ötən 3 il 10 aylıq dövrdə fəaliyyəti ərzində çox effektsiz xarakter daşıdığını, faktiki olaraq heç bir halda yenilik gətirmədiyini çoxdan sübut etmişdi: "MBNP niyə yaradılmışdı? Palata ona görə yaradılmışdı ki, ölkə iqtisadiyyatının maliyyə sektorunda dayanıqlıq təmin olunsun və bu sahədə nəzarət tədbirləri gücləndirilsin. Başqa sözlə desəm, ölkənin qiymətli kağızlar bazarında, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrində, habelə ödəniş sistemlərində çeviklik və şəffaflıq əldə olunsun, eyni zamanda bu sahələrdə tənzimləmə və nəzarət sistemi təkmilləşdirilmiş formada təşkil edilsin. Bütün bunlar təşəkkül tapdımı? Xeyr. Niyə? Çünki bütün sadalananların təşəkkül tapması üçün əslində, MBNP kimi qurumun yaradılmasına ehtiyac yox idi. Bu, səhv addım idi, heç bir effekt verə bilməzdi və qeyd etdiyim kimi də vermədi. Sadəcə olaraq, 2014-2016-cı illər ərzindəki neftin dünya bazar qiymətlərinin düşməsi ilə yaranan məlum böhran və xarici təsirlər üzündən maliyyə bazarımız bir təlatüm yaşadı ki, Palata yaratmaq əsas çıxış yollarından biri hesab edildi. Halbuki bu, məsələni konservləşdirməkdən başqa bir şey deyildi". Pərviz Heydərov bildirib ki,  ölkənin maliyyə bazarındakı böhran, bank sektorunun iflic vəziyyətə düşməsi və sair, neftin qiymətinin enməsi nəticəsində yaranmamışdı: "Bu, əvvəlcədən mövcud idi ki, sadəcə olaraq, "yaranın üstü" açıldı. Ümumiyyətlə, AMB və Maliyyə Nazirliyi olan yerdə sözügedən bazarı idarəetmək, tənzimləmək və ona nəzarət üçün əlavə bir quruma ehtiyac yoxdur. Digər tərəfdən, bank sektoru, sığorta və qiymətli kağızlar bazarı maliyyə bazarının ayrı-ayrı seqmentləridir. Bunlara bir "dam altında" diqtə etmək özü də sağlam məntiqə sığmır. Odur ki, Palata elə ilk gündən "anadan ölü doğulmuş uşaq" idi".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31