Bakıda 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək

Bakıda 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək

"Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 4 dekabr tarixində 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək. "OLAYLAR"-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki. builki konfrans "Əşyalar interneti: müasir cəmiyyətin təməli" mövzusuna həsr edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü,   Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, "Aztelekom", "Baktelekom", Məlumat Hesablama Mərkəzi və "Azercell"in tərəfdaşlığı ilə təşkil olunan konfransda Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır.

Tədbirdə "Əşyalar interneti" üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gələcək.

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının "Süni intellekt", "Rəqəmsal startaplar və innovativ sahibkarlıq", "Dördüncü sənaye inqilabı", "Elm tutumlu istehsalat", "Kiberhazırlıq" və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31