Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub
Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub
20 Noyabr 2019 11:57 İqtisadiyyatAzərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilən Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümünə həsr olunmuş Azərbaycan-Çin esse müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Olaylar.az bildirir ki, müsabiqədə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin tarixinə və strateji prioritetlərinə, XXI əsrdə Böyük İpək Yolunun bərpasına, müasir dünyada Azərbaycan və Çinin humanitar missiyasına həsr olunmuş esselər təqdim olunub.
Ümumilikdə, müxtəlif nominasiyalarda Azərbaycanın müxtəlif regionlarından dörd esse müəllifi mükafatlandırılıb. Şəki şəhər 18 saylı orta məktəbin şagirdi Sabir Nurullayevin "Yolların yaxın etdiyi uzaqlar" , Ağstafa rayon 2 saylı orta məktəbin şagirdi Nərmin Paşayevanın "Böyük məsafələr, böyük yaxınlıqlar" , Neftçala rayon Aşağı Qaramanlı kəndi orta məktəbin şagirdi Xədicə Əliyevanın "Ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafında rolu", Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin tələbəsi Zeynəb Əlizadənin "Azərbaycan Çin əlaqələri" adlı esseləri mükafatlara layiq görülüb.
Müsabiqənin laureatlarına, münsiflər heyətinin sədri, ADU rektorunun İctimai məsələlər üzrə müşaviri, Sərraf Hüseynov ADU Konfutsi İnstitutunun Çin dili kurslarına pulsuz təhsil almaq sertifikatı da daxil olmaqla fəxri fərman və mükafatlar təqdim edib. Mükafatlandırma mərasimində iştirak edən Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov qalibləri təbrik edərək, bu cür müsabiqələrin keçirilməsinin təhsil sahəsində əlaqələrin gücləndirilməsinə böyük töhfələr verəcəyini bildirib.