Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 2019 13:22 İqtisadiyyatAlmaniyanın Hannover şəhərində "Agritechnica-2019" Beynəlxalq Kənd Təsərrüfatı Texnika və Avadanlıqları sərgisi keçirilir. "Olaylar" xəbər verir ki, sərgidə iştirak edən nümayəndə heyətində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, "Aqrolizinq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova, eləcə də əkinçilik sahəsində fəaliyyət göstərən yerli aqropark nümayəndləri təmsil olunur. Azərbaycan nümayəndə heyəti "Claas", "Limken", "Lindsay", "Amazone" kimi nəhəng şirkətlərin ofislərində görüşlər keçirərək Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar, dövlət dəstək mexanizmləri haqqında geniş təqdimatlarla çıxış edib. Eyni zamanda, ən son elmi-texniki yeniliklərlə yaxından tanış olaraq xarici şirkətləri ölkəmizin aqrar sektoruna investisiya qoymağa dəvət ediblər. Müzakirələrdə vurğulanıb ki, Azərbaycanda Cənubi Qafqaz bölgəsində sürətli inkişaf edən gənc ölkə kimi texnoloji yeniliklərin tətbiqində maraqlıdır və hər il bu sahəyə ayrılan vəsaitlərin həcmi artır.
Adıçəkilən beynəlxalq şirkət nümayəndələri qeyd ediblər ki, son illər Azərbaycanda dövlət səviyyəsində qeyri-neft sektoruna göstərinlən diqqət və qayğı, bu sahəyə böyük həcmdə investisiyaların cəlb edilməsi onlar tərəfindən böyük maraqla qarşılanır, bu şirkətlərin ölkəmizdə gələcək fəaliyyəti üçün əlverişli biznes mühiti formalşdırır. Müzakirələrdə beynəlxalq şirkətlərlə Azərbaycanda fermer və digər istehsalçılar üçün tələb olunan texnika və avadanlıqların satış mərkəzlərinin təşkil olunması, aqrotexniki xidmət sisteminin qurulması ideyası hərtərəfli müzakirə olunub, "Claas" şirkətinin Azərbaycandakı nümayəndəliyi olan "4S" şirkəti ilə birgə əməkdaşlıq məsələri qərara alınıb. Sərginin təşkilatçıları ilə keçirilmiş müzakirədə Azərbaycan şirkətlərinin bu cür sərgilərdə aktiv iştirakı, səmərəli biznes əlaqələrinin qurulması haqqında razılıq əldə olunub.