İlham Əliyev: “Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir”
İlham Əliyev: “Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir”
14 Noyabr 2019 15:01 İqtisadiyyatAzərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu sahədən daxil olan gəlirlərin həcminin durmadan artmasına geniş imkan yaradır. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilib: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri - Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş Naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq".
Xatırladaq ki, hazırda Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt kimi dəmir yolu marşrutları ilə bağlı mühüm infrastruktur layihələr həyata keçirilib. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq. Paralel olaraq Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi məqsədilə xaricdə də logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın İstehsal və Logistika Mərkəzinin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir.
Sadalanan faktlar son illər ərzində Azərbaycanda tranzit imkanların artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini deməyə əsas verir. Ötən müddətdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli investisiyalar yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq--Qərb və Şimal--Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır.
Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Bu isə o deməkdir ki, son illərdə gerçəkləşdirilən beynəlxalq layihələr ölkəmizin regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir. Azərbaycanın beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti durmadan artır. Belə olan halda ölkə daxilində istər yük, istərsə də sərnişindaşıma xidmətlərinin səviyyəsi də beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Düzdür, son illərdə bu sahədə mühüm addımlar atılıb, çox sayda yük və sərnişin nəqliyyat vasitələri yeniləşdirilib. Yol-nəqliyyat infrastrukturu müasirləşdirilib. Hazırda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Amma, fikrimizcə, zəruri tədbirlərin əhatə dairəsi daha da genişləndirilməlidir.
Ölkənin dəmir yolunun imkanlarının genişləndirilməsinin diqqət mərkəzində saxlanılması, ilk növbədə, milli iqtisadiyyatın tənzimlənməsinə və növbəti yüksəlişinə mühüm təsir göstərir. Yəni, istər yük, istərsə də sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, şübhəsiz, iqtisadiyyatın bütün sahələrinin inkişafını sürətləndirir. Təbii ki, bu zaman zəruri addım infrastrukturun yaradılmasından, yaxud köhnələrin müasirləşdirilməsindən, beynəlxalq standartlara uyğunlaşdırılmasından başlanır. Əlbəttə, belə halda müvafiq layihələrin gerçəkləşdirilməsi üçün maliyyə vəsaiti tələb edilir. Bu, yoxdursa, qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil.
Alim
Olaylar.az