Prezidentdən məmurlara ciddi xəbərdarlıq- Təhlil
Prezidentdən məmurlara ciddi xəbərdarlıq-Təhlil
13 Noyabr 2019 15:31 İqtisadiyyatİlham Əliyev: "Xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur"
Azərbaycanda uzun müddətdir davam edən islahatlar keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Sosial və iqtisadi sahəni əhatə edən islahatlar artıq siyasi sahədə də özünü göstərməkdədir.
Siyasi sahədə daha çox kadr islahatları ilə yadda qalan bu proses özünü əsasən gənc kadrların irəli çəkilməsi, onlara etimadın göstərilməsi fonunda müşahidə edilir. Nisbətən qocaman kadrların daha gənc və perspektivli kadrlarla əvəz edilməsi bir tərəfdən gənclərin irəli çəkilməsi, onların dövlət işinə cəlb edilməsi baxımından əhəmiyyəlidirsə, digər tərəfdən idarıetməyə yeni nəfəs, ruh gətirilməsi baxımından təqdirəlayiqdir. Son həftələr ərzində dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında gənclərin dövlət idarəçilik sisteminə cəlb edilməsi fonunda bunu aydın şəkildə görürük. Prezident Amministrasiyası, nazirlik və komitələr, yerli rayon icra hakimiyyətləri səviyyəsində özünü göstərən bu islahatlar cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır, alqışlanır. Çünki dövlət başçısı bu və ya digər vəzifəyə daha gənc və perspektivli kadrları təyin edərkən onlarla şəxsən görüşür, öz tapşırıq və tövsiyələrini verir, onlara göstərilən etimadı doğrultmalarını həmin məmurlar qarşısında başlıca vəzifə, tapşırıq olaraq qoyur. İstər Yevlax və Xaçmaz rayonlarına, istərsə də bu günlərdə Şirvan, Zərdab və Bakının Xətai, Yasamal rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edərkən dövlət başçısı bir daha həmin vəzifə və öhdəlikləri təyin etdiyi icra hakimiyyəti başçılarının diqqətinə çatdıraraq onlara öz işlərinə məsuliyyətlə yanaşmaq tapşırığı verdi. Bu da ondan irəli gəlir ki, dövlət başçısı sosial və iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində necə uğurlu nəticələr əldə edilibsə, eləcə də siyasi, kadr islahatları nəticəsində eyni göstəricilərin əldə edilməsində maraqlıdır. Məsələn, dövlət başçısının qeyd etdiyi kimi ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində yoxsulluq aşağı səviyyəyə düşüb, əhalinin sosial rifah halı yaxşılaşıb. Prezidentin bildirdiyi kimi təkcə bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb: "Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artıb. Bu il orta əməkhaqqı 35 faiz artıb. Mənə bu yaxınlarda verilən statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə, ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir".
Sosial islahatların uğurla həyata keçirilməsi, xüsusilə yerlərdə onun müsbət nəticələrlə yadda qalması, heç şübhəsiz ki, düzgün idarəçilik, bir sıra yerli icra hakimiyyəti rəhbərlərinin öz işlərinə məsuliyyətlə yanaşmalarının nəticəsidir. Vəzifəsindən sui-istifadə edən etimadı doğrultmayan, xalqla hakimiyyət arasında uçurum yaratmağa çalışan məmurlar isə dövlət başçısı tərəfindən istefaya göndərilir, onlarla yollar ayrılır. Dövlət başçısının son çıxışlarından əldə edilən qənaət ondan ibarətdir ki, kadr islahatları bundan sonra da davam edəcək və vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar tutduqları postdan uzaqlaşdırılacaqlar: "Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir".
Dövlət başçısının son kadr islahatlarına nəzər yetirdikdə görürük ki, Cənab Prezident seçimində yanılmır və Azərbaycan Prezidenti peşəkar kadrlara xüsusi üstünlük verir. Elə Cənab İlham Əliyev də bunu açıq şəkildə ifadə edir: "İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur".
S.İsmayılbəyli
Olaylar.az