“Made in Azerbaijan” brendləri beynəlxalq sərgidə

“Made in Azerbaijan” brendləri beynəlxalq sərgidə

Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi keçirilir. "Olaylar" xəbər verir ki, sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər daxildir. Sərgi çərçivəsində müxtəlif mövzularda biznes forumların keçirilməsi nəzərdə tutulur.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Çin bazarının Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar aça biləcəyini deyib: "Burada ümumilikdə 150 ölkədən 3 mindən çox şirkət iştirak edir. Azərbaycanı təmsil edən bütün təşkilat və şirkətlərin sərgidə iştirakı "Made in Azerbaijan" adı altında qurulan vahid stenddə baş tutur. Sərgiyə ölkə olaraq geniş heyətlə qatılmışıq. Bu cür sərgilərdə iştirak yeni əməkdaşlıqlar üçün yaxşı fürsətdir. Burada iştirak edən şirkət və qurumların nümayəndələrinə ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlər, yeniliklər barədə məlumat veririk. Eyni zamanda, ikitərəfli əməkdaşlıqların qurulması, yerli istehsal məhsullarıının Çin bazarına ixrac edilməsi imkanlarını araşdırırıq. Düşünürəm ki, Çin Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında çox vacib ölkələrdən birinə çevrilə bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31