Parlament komitələrində büdcə müzakirələri başa çatır
Parlament komitələrində büdcə müzakirələri başa çatır
7 Noyabr 2019 11:10 İqtisadiyyatBu gün parlament komitələrində 2020-ci ilin büdcə müzakirələri başa çatır."Olaylar" xəbər verir ki, büdcə zərfi ilə sonuncu müzakirələr Milli Məclisin (MM) İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında keçiriləcək. Komitələrin birgə iclasına MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.
Büdcə müzakirələrində adıçəkilən komitələrin üzvləri ilə yanaşı hökumət rəsmiləri-Maliyyə naziri Samir Şərifov və digərləri iştirak edəcəklər. Büdcə ilə bağlı öncə S.Şərifovun məlumatı dinləniləcək, sonra onun ətrafında müzakirələr açılacaq, millət vəkilləri öz təkliflərini, fikirlərini, iradlarını səsləndirəcəklər. Millət vəkillərinin irad və təklifləri cavablandırıldıqdan sonra büdcə zərfi MM-in plenar iclasına tövsiyə olunacaq. Bununla da büdcə ilə bağlı komitələr çərçivəsində müzakirələr başa çatmış olacaq.Gələn həftə, noyabrın 12-14-ü tarixlərində isə parlamentin plenar iclaslarında büdcə müzakirələri aparılacaq.Sonda hökumətə 10 gün vaxt veriləcək və həmin dövrdə büdcə ilə bağlı təkliflər və iradlar nəzərdən keçiriləcək, məqbul olanları nəzərə alınacaq. Daha sonra parlamentin növbəti plenar iclasında büdcənin son variantı səsverməyə çıxarılacaq, qəbul olunacaq və imzalanması üçün ölkə Prezidentinə göndəriləcək.
Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.