Prezident çox şeyi açıq danışır- RƏY

Prezident çox şeyi açıq danışır-RƏY

"Biz isə hələ də qorxuruq..."

Milli Məclisin müvafiq komitələrində 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələrinə start verilib. Üç gün davam edəcək müzakirələrdən sonra ölkənin ən ali maliyyə sənədi parlamentin müzakirəsinə çıxarılacaq. Xatırladaq ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur. Ümumilikdə dövlət büdcəsinin investisiyayönümlü və sosialyönümlü olduğu bildirilir. Belə halda gələn ilin dövlət büdcəsi ölkəmizə, xüsusən də vətəndaşlra nə vəd edir?

Büdcə layihəsinin ilkin müzakirələrində iştirak edən millət vəkili Fazil Mustafa bildirib ki, ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır: "Narazılıq da buradan qaynaqlanır. Kölgə iqtisadiyyatı, inhisarçılıq, korrupsiya normal şəkildə sahibkarlıq fəaliyyətinə imkan vermir. Əmək və Əhalinin sosial Müdafiə naziri söylədi ki, dövlət dəstəyi ilə 65 iş yeri açılacaq, əslində bu da insanlar üçün məşğulluq problemini həll etmir. Maaş aşağı olacaqsa, kimsə bu iş yerlərində çalışmağa maraqlı olmayacaq". F. Mustafa bildirib ki, bütün maneələrin götürülməsi sahibkarların özlərinin iş yerləri yaratmalarına imkan verəcək: "Sahibkarın da belinə o qədər yük qoyulub ki, adamlar harasa investisiya yatırmaqdan qorxur. Üstəlik də banklar aşağı faizlə kredit vermirsə, məhdud pul vəsaiti köçürmə imkanı tanınırsa, üstəlik də inhisarçılığın qarşısında müdafiə oluna bilmirsə, adam iqtisadiyyata necə investisiya yatıra bilər?". Deputat son vaxtlar yaradılan publik hüquqi şəxslər haqqında da danışıb və bu qurumların dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələrin aparılmasını irəli sürüb: "Əvvəllər rüşvətlə başa gələn işlər, indi bu qurumların "xidmət haqqı" adı altında aldığı məbləğin yanında toya getməlidir. Nədənsə yaradılan bütün qurumların ilk işi vətəndaşdan necə artıq pul qoparmaqdan ibarət olur. Halbuki, gəlin əvvəlcə vətəndaşa pul qazanmağa imkan yaradaq, sonra vergisini, sığorta ödənişlərini tələb edək". Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-dən ölkədə bütün daşınmaz əmlaka icbarı sığorta tətbiq olunacaq. F. Mustafa bu barədə də danışıb: "Adətən sığortanı əmlak riskinə görə tətbiq edrlər, ucdantutma daşınmaz əmlakın sığortası yanlış və lazımsız yoldur, vətəndaşdan əlavə pul qopartmaq vasitəsi kimi düşünülüb. Bütün bunlardan əlavə, əlil uşaqlar üçün ayda verilən müavinətin məbləği 15 manatdır. Təsəvvür edirsinizmi ki, bu rəqəm o uşağın üç günlük problemini çözməyə uyğun deyil. Bu rəqəm ən azı üç dəfə artırılmalıdır". F.Mustafa kitab və çap məhsullarına qoyulan 18 faizlik ƏDV-nin sıfırlanmasını da təklif edib: "Onsuz da ölkədə savadsızlıq baş alıb gedir. Heç olmazsa, kitab çapı sahəsində qiymətləri aşağı salmaqla insanları oxumağa daha çox təşviq edə bilərik". Deputat paytaxtın nəqliyyat infrastrukturuna, bu sahədəki problemlərə də toxunub:"Bizdə deyirlər ki, iş vaxtı guya gündə 8 saatdır. Halbuki bu rəqəm 12-13 saata qədər çıxır. Bakıda tıxac o səviyyədədir ki, adam iki saat öncə evdən çıxır, iş vaxtından iki saat sonra evinə yetişə bilir. Bu insanların yollarda keçən vaxtını hansısa formada konpensasiya ilə ödəməyi düşünməliyik. Tıxacı həll etmirsinizsə, heç olmazsa, vaxt itkisinə məruz qalan vətəndaşa əlavə ödəniş verilməlidir. Həmçinin, bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsi mütləq təmin olunmalıdır. Ölkədə bəlkə də gələcəyimiz üçün ən vacib problemlərdən biri budur". Gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağını xatırladan millət vəkili keyfiyyətsiz dərmanlar probleminə də diqqət çəkib: "Deyək ki, vətəndaş normal müalicə olundu. Onu harasa aptekə dərman almağa göndərəcəklərmi? O halda bahalı və keyfiyyətsiz dərmanları almağa onun pulu yetəcəkmi? Biz xaricə gedəndə qohum-tanış hamısı siyahı verir ki, bəs, bizə filan dərmanı al! Səbəb odur ki, Azərbaycandakı dərman mafiyası dərmanın keyfiyyət göstəricilərini dəyişir və baha qiymətə xalqa sırıyır. Qida təhlükəsizliyi də digər yandan bir bəlaya çevrilib, ona görə də onkoloji xəstəxananın qarşısında insanlar o biri dünyaya bilet növbəsində az qala bir-birinin üstünə çıxırlar". F.Mustafa əlavə edib ki, ölkə prezidenti çox şeyi açıq söyləyir, bizlər isə hələ də qorxa-qorxa inhisarçılıqdan, korrupsiyadan danışırıq: "Geniş miqyaslı özəlləşməyə start verilməlidir, dövlət müəssisələrinin böyük əksəriyyəti rentabelli deyil, büdcənin sosial yükünü azaltmanın tək yolu vətəndaşlara gerçək iqtisadi azadlıqların verilməsindən keçir".

2020-ci ilin büdcə zərfinin  dinamik və sürətli inkişaf yolunda olan Azərbaycanın reallıqlarına, ölkədə həyata keçirilən islahatlar prosesinin yeni dalğasının mahiyyətinə tam uyğun gəldiyini bildirən millət vəkili Eldəniz Səlimov  isə deyib ki, ümumiyyətlə,  Azərbaycan büdcəsi hər il artmaqda davam edir: "Büdcəmiz son 15-20 il ərzində arta-arta gedir. Əgər müstəqilliyimizin ilk illərində, 90-cı illərdə büdcəmiz cəmi yüz minlərlə, milyonlarla ölçülürdüsə, indi artıq 30 milyarda yaxınlaşmaqdadır. Bu, özü müqayisə üçün ən gözəl nümunə, faktdır. Bu, həm də  onu göstərir ki, ötən illər ərzində haralardan haralara gəlmişik və hansı hədəflərə doğru gedirik. Bu gün elə bir inkişaf, yüksəliş mərhələsindəyik ki, təkcə ilin sonlarında  növbəti ilin büdcəsini müzakirə edib, onu qəbul etməklə kifayətlənmirik, həm də son bir neçə ildə, o cümlədən,  2019-cu ildə, büdcəyə yenidən dəyişikliklər, dürüstləşdirmələr, əlavələr edirik, büdcə vəsaitlərini artırırıq.  2020-ci ilin büdcə zərfi açıqlandı və bir daha məlum oldu ki, gələn ilin büdcəsinin gəlirlər və xərclər hissəsində cari illə müqayisədə  xeyli artım nəzərdə tutulub. Bunun özü bir daha dinamik və sürətli Azərbaycanın inkişafının göstəricisi, əyani təsdiqidir. Burada ən önəmli məqamlardan biri isə odur ki, Azərbaycan müharibə vəziyyətində olsa da, öz büdcəsini sosialyönümlü və investisiyayönümlü edir.Bu da heç şübhəsiz ki, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin özünün tələbidir və bu tələbini də özünün sonuncu müşavirəsində səsləndirmişdi.Yəni, bundan sonra büdcənin sosial xərclər hissəsi daim artacaq, artırılacaq. Bu, həm də hesab edirəm ki,  Azərbaycan dövlətinin və dövlət başçısının öz insanına, onun sosial-iqtisadi güzəranın yaxşılaşmasına verdiyi bir dəyərdir. Azərbaycan vətəndaşlarının güzəranın, sosial-rifah halının yaxşılaşdırılması Azərbaycan dövlətinin, dövlət başçısının apardığı siyasətin əsas və başlıca prioritetlərindəndir. Odur ki, 2020-ci ilin büdcəsində də bu məqamlara daha çox üstünlük verilib. Bir sözlə, 2020-ci ilin büdcəsi Azərbaycanın reallıqlarını, inkişafını, hədəflərini özündə tam ehtiva edir və xalqımızın, dövlətimizin maraqlarına, istəklərinə tam cavab verir"

Alim

Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31