Gülşat Məmmədova: “Türkmənistan Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir”

Gülşat Məmmədova: “Türkmənistan Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir”

Milli Məclisin (MM) Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkmənistan Məclisinin Sədri xanım Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb."Olaylar" xəbər verir ki, O. Əsədov bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edilib ki, oxşar mədəniyyəti, adət-ənənələri bölüşən xalqlarımızın dostluğunun qədim tarixi kökləri var. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların əlaqələrimizin inkişafında mühüm rolu var. Bu günədək ölkələrimiz arasında 90 sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi sahəyə də müsbət təsirini göstərir. 2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon dolları həcmində olub. Cari ilin 9 ayı ərzində isə bu rəqəm 163 milyona çatıb. Vurğulanıb ki, bu gün Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir. Bu sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar var. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur. Spiker qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edirik. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.

G.Məmmədova isə ölkəmizə səfərinin və burada keçirilən görüşlərin ümumi məqsədlərə xidmət edəcəyinə inamını ifadə edib. O, səfər çərçivəsində gördüklərindən və MM-də olmasından məmnunluğunu bildirib. Qeyd edib ki, Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31