Güzəştli şərtlərlə kimlər əmək pensiyası ala bilər?
3 Aprel 2013 18:19 İqtisadiyyatOxucu redaksiyamıza müraciət edərək bildirir ki, orta məktəbdə müəllim işləyir: "Bilirəm ki, yaşa görə əmək pensiyasına çıxa bilməyim üçün 62 yaşım tamam olmalıdır. Lakin eşitdiyimə görə 25 ildən çox əmək stajı olan müəllimlərin 62 yaşa çatmadan yaşa görə pensiyaya çıxmaq hüquqları vardır. Mənim müəllim kimi 25 ildən çox əmək stajım var. Bu halda mən 62 yaşımın tamam olmasını gözləmədən yaşa görə əmək pensiyasına çıxa bilərəmmi?"
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov "Olaylar"a bildirib ki "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə əmək pensiyasının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydaya görə kişilərin yaşa görə əmək pensiyasına çıxa bilmələri üçün onların 62 yaşa çatması və azı 5 il sığorta stajı olması tələb edilir. "Əmək pensiyaları haqqında" Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər müəyyən olunmuşdur. Məsələn, 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınlar 51 yaşına çatdıqda yaşa görə əmək pensiyasına çıxa bilərlər; prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq olunmuşdur. Beləliklə, şərh olunanlara əsasən demək olar ki, siz güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik deyilsiniz.