Müasir yol infrastrukturu Azərbaycanda özünün layiqli yerini tutub- Təhlil

Müasir yol infrastrukturu Azərbaycanda özünün layiqli yerini tutub-Təhlil

Prezident: "Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır"

Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Qeyd edək ki, nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının  xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Respublikanın ümumi istifadəsində olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda olan küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yolötürücüsünə, körpü və tunellərə göstərilən  xidmət günbəgün yüksəlməkdədir. Xatırladaq ki, prezident İlham Əliyevin hələ  2015-ci il 28 dekabr tarixində imzaladığı sərəncamı respublikanın avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin operativ həllinə güclü təkan verib. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, küçə və prospektlər tikilib, habelə yenidən qurulub təmir olunub. Ümumi istifadədə olan avtomobil magistrallarında və Bakı şəhərindəki yollarda 26 yeni və müasir tipli körpü və 8 piyada keçidi tikilib istifadəyə verilib. Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində  dəfələrlə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak edib, öz dəyərli tapşırıq və tövsiyələrini verib.

***

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi  prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Dövlət başçısına görülən işlərlə bağlı məlumat verildikdən sonra daha bir mühüm problemin həlli ilə bağlı göstəriş verib. Müvafiq qurum qarşısında konkret tələb qoyub ki,  Bakı-Sumqayıt yolu genişləndirilməlidir: "Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq". Prezident həmçinin Bakıətrafı qəsəbələrin yollarının abadlaşdırılması ilə bağlı da göstəriş verib: "Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır".

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bakıətrafı qəsəbələrdə məhllədaxili yolların tikintisi də diqqət mərkəzindədir. Xatırladaq ki,  Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunmuş konfransda demişdir: "2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə biz məşğulluğu təmin etmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Qarşıya məqsəd qoyulub ki, bütün yollar yüksək səviyyədə olsun, magistral şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar". Artıq qətiyyətlə demək olar ki, müasir yol infrastrukturu Azərbaycanda özünün layiqli yerini tutub. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və  müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31