Beyləqanda intensiv yemçilik layihəsi həyata keçirilir
Beyləqanda intensiv yemçilik layihəsi həyata keçirilir
30 Oktyabr 2019 16:29 İqtisadiyyatBeyləqanda intensiv yemçilik layihəsi həyata keçirilir. "Olaylar" xəbər verir ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Pərviz Cəfərov fermerlərin diqqətinə çatdırıb ki, ölkədə heyvandarlığın intensiv yolla inkişafı nəzərə alınaraq yem təminatının gücləndirilməsi məqsədi ilə adıçəkilən yonca sortunun əkin sahəsi yaradılır. Gələcəkdə "Magnum-V" sortunun toxumçuluğu təşkil edilərək yem əkinçiliyi ilə məşğul olan fermerlər arasında yayılacaq. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov isə bildirib ki, indiyə qədər əkin dövriyyəsində tətbiq edilmiş yonca sortlarından fərqli olaraq "Magnum-V" bir sıra bioloji-potensial üstünlüklərə malikdir: "Bu sortun yerli torpaq-iqlim şəraitinə adaptasiyası yüksəkdir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür, hər hektara düşən toxum materialının həcminə ( 2,5-3 kq) qənaət olunur. Üstəlik, bu sortun hər biçinarası vaxtı qısadır, təsərrüfat dövrü uzundur, protein tərkibi zəngin olduğu üçün ( 28%) xırda və iribuynuzlu heyvanlar arasında sürətli çəki və süd artımını təmin edir. Boy hündürlüyü yüksək, yəni 75-85 sm olduğu üçün yaşıl kütlə çıxımı daha çoxdur. Vegetasiya dövrünə uyğun olaraq bir ildə 6 dəfə biçmək mümkündür".