Ölkəmizin siyasi nüfuzunun təzahürü
Ölkəmizin siyasi nüfuzunun təzahürü
30 Oktyabr 2019 15:41 İqtisadiyyatAzərbaycanın artan gücü, iqtisadi potensialı ölkəmizin dünya birliyində yeri və mövqeyini möhkəmləndirməklə yanaşı, Bakıya olan beynəlxalq marağı, diqqəti də hər ötən gün bir qədər də artırır. Bu diqqət və maraq Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik hüququnun əldə edilməsi fonunda özünü aydın şəkildə göstərir. Bu gün Azərbaycan dünyanın demək olar ki, mütləq əksəriyyət beynəlxalq təşkilat və qurumlarında yüksək səviyyədə təmsil olunur, öz uğurlu fəaliyyəti, həyata keçirdiyi islahatlarla həmin təşkilat və qurumların daha aktiv fəaliyyətinə töhfə verir. Məhz bu tendensiyadır ki, bir qayda olaraq Azərbaycanın həmin təşkilat və qurumların mötəbər tədbirlərinin Bakıda keçirilməsi təşəbbüsünə müsbət reaksiya verilir, ölkəmizin bu təşəbbüsü dəstəklənir. Bu günlərdə Azərbaycan beynəlxalq əməkdaşlıq prizmasından daha bir uğura imza ataraq 2022-ci ildə Bakıda mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirin keçirlməsi hüququnu qazanıb. Söhbət Beynəlxalq Astronavtika Konqresindən gedir. Məlumat üçün qeyd edək ki, bu günlərdə Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ tanınıb. Baxmayaraq ki, Azərbaycan tərəfini təmsil edən "Azərkosmos" ASC-nin Beynəlxalq Astronavtika Konqresi ilə əməkdaşlığı qısa zaman ərzinə təsadüf edir, ancaq Bakının 2022-ci ildə keçiriləcək konrqesə evsahiblik etmək hüququ tanınıb ki, bu da bir sıra amillərlə bağlıdır.
Qeyd edək ki, keçən il dünyanda kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu "Beynəlxalq Astronavtika 2019 Konqresi" "Azərkosmos" ASC təmsil olunub və "Azərkosmos" Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub. Beləliklə, "Azəkosmos" federasiyaya üzv olmaqla kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanları əldə edib.
Konqresin 2022-ci ildə keçirilməsi üçün namizəd şəhərlər sırasında Bakı ilə yanaşı dünyanın tanınmış Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli kimi şəhərlərinin olması, ancaq son nəticədə Azərbaycana üstünlüyün verilməsi də təsadüfi deyil. Qeyd etdiyimiz kimi burada bir sıra səbəblər əsas rol oynayır ki, bunların sırasında ən başlıcası Azərbaycanın mühüm beynəlxalq tədbirlərər evsahibliyi etmək təcrübəsinin olmasıdır. Ötən müddət ərzində Bakıda BMT-nin müvafiq strukturlarından tutmuş, ayrı-ayrı beynəlxalq təşkilat və qurumların müxtəlif səpkili tədbirləri təşkil olunub və hər bir tədbiri də Azərbaycan ən yüksək səviyyədə təşkil edib. Təkcə son Qoşulmama Hərəkatının zirvə görüşünü qeyd etmək kifayətdir ki, Azərbaycan barədə müsbət rəy formalaşsın. Ona görə də Vaşinqton görüşündə Bakının 2022-ci ildə keçiriləcək konqresə evsahibliyi etmək hüququnun tanınması təsadüfi sayıla bilməz. Beynəlxalq Astronavtika Federasiyasında da tam əmindirlər ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu təşkilatın Bakı toplantısına Azərbaycan ən yüksək səviyyədə evsahibliyi edəcək. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dəö qeyd etdiyi kimi bu həm də ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir.
Azərbaycanın mühüm beynəlxalq təşkilatlara evsahibliyi etmək hüququnun tanınmasına təsir göstərən müsbət faktorlardan biri də ölkəmizdə uzun illərdir mövcud olan siyasi sabitlikdir. Bu bir danılmaz faktdır ki. nüfuzlu beynəlxalq təşkilatlar bir qayda olaraq öz tədbirlərini ictimai-siyasi baxımdan sabit, təhlükəsiz ölkələrdən keçirirlər. Bu baxımdan Bakı da Beynəlxalq Astronavtika Federasiyası üçün əvəzolunmaz məkandır. Bundan əvvəl təşkil olunan digər beynəlxalq təşkilat və qurumların nümayəndələri, iştirakçılarının Azərbaycanı sabitlik adası adlandırması da Beynəlxalq Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsinə müsbət təsir edən amillərdəndir.
Qeyd etdiyimiz kimi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu cür qərarların qəbul edilməsində təcrübə də mühüm rol oynayır. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi təcrübəsinə malik olduğu kimi, eyni zamanda kosmik əməkdaşlıq sahəsində də son illərdə uğurlu addımlar atıb. Qısa müddət ərzində Azərbaycanın bir neçə süni peykinin hazırlanıb buraxılması, eyni zamanda ölkəmizin kosmik məkanın bir üzvünə çevrilməsi heç şübhəsiz ki, Beynəlxalq Astronavtika Federasiyasında da böyük maraq yaradıb.
Federasiya 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirini Bakıya salmaqla bu sahədə Azərbaycanın təcrübəsi ilə də tanış olmaq imkanı qazanacaq. Burada bir məqama da diqqət çəkmək olduqca vacibdir. Belə ki, Azərbaycanın Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığı hələ ötən əsrin 70-80-cı illərinə təsadüf edir. Belə ki, Beynəlxalq Astronavtika Konqresinin sovetlərin zamanında keçmiş SSRİ ərazisində baş tutan ilk toplantısı da mıhz Bakıda reallaşıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü ildə bu konqres Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edib.
Göründüyü kimi kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilat olan Beynəlxalq Astronavtika Federasiyası və onun əsas orqanı olan Konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir. Bakı konqresi bu baxımdan Azərbaycana dünya təcrübəsi ilıə daha yaxından tanış olmaq imkanı qazandırmış olacaq.
Süleyman
Olaylar.az