Mikayıl Cabbarov: “Bizim iqtisadiyyatda bəzi hallarda antiinhisar sahəsində olan problemlərlə rastlaşırıq”

Mikayıl Cabbarov: “Bizim iqtisadiyyatda bəzi hallarda antiinhisar sahəsində olan problemlərlə rastlaşırıq”

"Bazar iqtisadiyyatının bir neçə təməl prinsipi var. Mülkiyyətin toxunulmazlığı, qanunların aliliyi və sair. Bu prinsiplərdən biri də azad rəqabət prinsipidir. Azad rəqabət prinsipinin təmin edilməsi üçün demək olar bütün ölkələrdə, bütün iqtisadiyyatlarda antiinhisar qurumları fəaliyyət göstərir". "Olaylar" xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Həftə" analitik-informasiya proqramına açıqlamasında deyib. Nazir əlavə edib ki, antiinhisar qurumlarının fəaliyyətinin əsas məqsədi məhz azad rəqabəti qorumaqdır: "Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu, təməl prinsipdir? Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur, çünki artıq bazarda satıcı ilə alıcı arasında münasibət bir tərəfin diqtəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. Bizim iqtisadiyyatda bəzi hallarda antiinhisar sahəsində olan problemlərlə rastlaşırıq. Bu, özünü müxtəlif amillərdə büruzə verir, ilk növbədə, qiymətlərdə nizam-intizamın pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu peşəkar mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etməklə mövcud qanunvericiliyin tətbiqini gücləndirmək. Biz bu fəaliyyəti həyata keçirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31