Nazir hədəfləri açıqladı

Nazir hədəfləri açıqladı

"İqtisadiyyat Nazirliyinin əsas hədəfi, əgər belə demək olarsa, iqtisadiyyata bütöv bir baxışı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur. Onlardan biri vergi siyasətidir. Biz vergi siyasətini iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin bir amili, bir faktoru kimi qiymətləndiririk". "Olaylar" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Həftə" analitik-informasiya proqramına açıqlamasında deyib. Nazir bildirib ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq, bir sıra istər yerli, istər xarici investorlar yeni işə, yeni biznesə başlamaq, yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab axtarır və müvafiq qərarlar verir: "Bu mənada, düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu da, öz növbəsində, iqtisadi inkişafın, iqtisadi fəaliyyətin və nəticə etibarilə vergitutma bazasının genişləndirilməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda, təbii olaraq, daha çox vergi mədaxili təmin edilə bilir. Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə, qeyd etməliyəm ki, burada da ilk növbədə dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir göstərir. Xüsusilə təbii inhisarları qeyd etmək olar. Bu, tək Azərbaycanda deyil, hər bir iqtisadiyyatda belədir. İnfrastruktur təminatını, xidmətləri təqdim edən qurumların tarif dərəcələri ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir.Bu mənada, inanıram ki, biz müvafiq dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan aidiyyəti şirkətlərlə birgə işləyərək qarşıda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik. Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakı daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməkdir. Onu da qeyd edim ki, digər sahələrdə olduğu kimi, biz də öz işimizi sıfırdan başlamırıq. Bütün sahələrdə son illər ərzində xeyli işlər həyata keçirilib. Bütün nailiyyətləri qoruyaraq, bütün nailiyyətlərə əsaslanaraq, çatışmazlıqlar mövcud olan və təkmilləşdirmələrə ehtiyac yaranan istiqamətləri, düşünürəm ki, işləyərək həyata keçirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31