Balakən rayonunda III Xurma festivalı keçirilib

Balakən rayonunda III Xurma festivalı keçirilib

Kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə Balakən rayonunda  III Xurma festivalı keçirilib. "Olaylar" xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, "Balxurma" MMC-nin dəstəyi ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər. Festival iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Sonra Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya keçirilib, xurma ağacları əkilib.

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır. Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, "Azəryem Sənaye" MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin - maxaranın bişirilməsi prosesini izləyiblər. III Beynəlxalq xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31