Genişmiqyaslı islahatlar bütün sahələrdə dinamik inkişafa təkan verir- Şərh

Genişmiqyaslı islahatlar bütün sahələrdə dinamik inkişafa təkan verir-Şərh

Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın uğurları yüksək qiymətləndirilir

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə vətəndaşlarının firavanlığına hesablandığı heç kimə sirr deyil. Artıq hər bir Azərbaycan vətəndaşı davam etdirilən islahatların müsbət nəticəsini öz həyatında hiss etməkdədir. Onu da qeyd edək ki, bu islahatların aparılması  iqtisadi sahədə əldə edilən gəlirlər hesabına mümkün olub. Bu isə o deməkdir ki, dövlət başçısı  tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dayanıqlığını təmin etməklə yanaşı, əhalinin sosial-rifahına da müsbət təsir göstərib. Elə bu səbəbdən də prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business 2020" hesabatında 190 ölkə arasında 76,7 qiymətləndirmə balı ilə 34-cü sırada yer alıb. Ölkəmiz "Doing Business 2020"də reallaşdırdığı 4 islahata görə bu yerə layiq görülüb. Bunlar "Əmlakın qeydiyyatı", "Kreditin alınması", "Minoritar investorların hüquqlarının qorunması" və "Müqavilələrin icrasının təmin edilməsi"dir. Hesabatda qeyd olunur ki, Azərbaycan kadastrın əhatə dairəsini genişləndirməklə və kadastr planlarını rəqəmsallaşdırmaqla əmlakın qeydiyyata alınmasını daha asan və şəffaf edib.Azərbaycan həm borcların, həm də öhdəliklərin ümumi təsvirinə, təhlükəsizlik maraqlarının məhkəmədənkənar icrasına icazə verib. Tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoymaqla minoritar investorların hüquqlarının müdafiəsi gücləndirilib. Azərbaycan şikayətçilərə ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiqi və könüllü vasitəçilik haqqında birləşdirilmiş qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

Bu isə o deməkdir ki, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur. Son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, ölkəmizdə uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının "Doing Business 2020" hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Xatırladaq ki, Dünya Bankının hər il hazırladığı "Doing Business" hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Sənəd xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ("Qlobal Rəqabətlilik Hesabatı", "Qlobal İnnovasiyalar İndeksi", "İqtisadi Azadlıq İndeksi", "Qlobal İmkanlar İndeksi" və s.) baza rolunu oynayır.

Millət vəkili Malik Həsənov qeyd edib ki, Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır, aparılan çoxşaxəli və genişmiqyaslı islahatlar bütün sahələrdə dinamik inkişafa təkan verir. M.Həsənov bildirib ki, bu ilin doqquz ayının göstəriciləri ölkəmizin dinamik inkişafını bir daha təsdiqləyir. Onun sözlərinə görə, əsas diqqət çəkən məqamlardan biri 2019-cu ilin 9 ayında da ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə yaxşı göstəricilərin qeydə alınmasıdır: "Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə qeyd etdi ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Bunu ölkəmizin qeyri-neft sənayesi ilə bağlı da deyə bilərik. Azərbaycanda neftdən kənar iqtisadiyyat üzrə innovativ əsaslı sənaye quruculuğu mühüm yer tutur. 2019-cu ilin 9 ayında ən yaxşı göstərici də məhz qeyri-neft sənayesində qeydə alınıb və və qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən genişmiqyaslı tədbirlər öz bəhrəsini verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də vurğuladı ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər. Digər iqtisadi parametrlər üzrə də ciddi artım müşahidə olunmaqdadır. O cümlədən, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artıb ki, bu da həm ölkəmizdə iqtisadi aktivliyin təmin olunmasına, eyni zamanda, vətəndaşların məşğulluq məsələlərinin həllinə töfhə verir". M.Həsənov deyib ki, ölkəmizdə həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir:  "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alır. Bu, olduqca mühüm göstəricidir. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq. Nüfuzlu təşkilatların hesabatları ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu, çox mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirir".

Birmənalı şəkildə qeyd etmək olar ki, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması Azərbaycanda son illər aparılan islahatların nəticəsidir. Dünya Bankı tərəfindən aparılan təhlillər nəticəsində hazırlanan hesabat Azərbaycanda həyata keçirilən islahatlara beynəlxalq qiymətin verilməsi baxımından vacibdir. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim edilməsinə yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması bir başa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır. Qətiyyətlə demək olar ki, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf strategiyasına uyğun olaraq bundan sonra aparılacaq islahatlar respublikamızın beynəlxalq reytinq agentliklərinin hesabatlarında daha yüksək pillədə yer almasını təmin edəcək.

 Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31