İlham Əliyev: “Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz”- RƏYLƏR

İlham Əliyev: “Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz”-RƏYLƏR

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır. Dövlət başçısının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında imzaladığı Fərman siyasi və iqtisadi ekspertlər tərəfindən yüksək dəyərləndirilir.  Fərmana əsasən, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Dövlət başçısının Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul etdiyi zamanı söylədiyi fikirlər dediklərimiz bird aha təsdiq edir: "Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik". Milli Məclisin deputatı Tahir Rzayev deyib Azərbaycanda kadr islahatları, eləcə də struktur dəyişikliklərinin aparılması istiqamətində addımlar çox mühümdür. Bacarıqlı, qabiliyyətli, Vətənini sevən gənclərin yeni vəzifələrə cəlb edilməsi, dövlət idarəçilik sisteminin yenidən qurulması baxımından vacibdir. Deputat bildirib ki, kadr islahatların aparılması həm də vətəndaşların problemlərinin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir: "Bilirsiniz ki, Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilməmişdən əvvəl bu sahə ilə bağlı bir sıra narazılıqlar var idi. Həttə həmin sahədə şəffaflığın yaradılacağına şübhə ilə yanaşanlar da var idi. Amma Mikayıl Cabbarov həmin vəzifəyə təyin edildikdən sonra az müdddət ərzində həm kadrların dəyişdirilməsi, həm struktur islahatlarının aparılması, həm də öz işgüzar və bacarığı ilə göstərdi ki, ən çətin nazirlikdə neqativ halları aradan qaldırmaq mümkündür. 9 ayda Vergilər Nazirliyi eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 700 milyon vəsait daxil olub. Bu, çox böyük rəqəmdir". Ölkə başçısının həyata keçirdiyi islahatların müsbət nəticələr verdiyini deyən T. Rzayev söyləyib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu addımlar bundan sonra da davam etdiriləcək: " Prezident İlham Əliyev 2018-ci ildə keçirilən seçkilərdən sonra kadr islahatlarının anonsunu vermişdi. Hazırda həyata keçirilən işlər məhz bu anonsun əməli göstəricisidir". Deputat qeyd edib ki, yaşından asılı olmayaraq qabiliyyətli kadrlar irəli çəkilməlidir: " Vəzifəsindən asılı olamayaraq hər kəs də bir vətəndaş olaraq Azərbaycana xidmət etməlidir". Deputat Mirzəcan Xəlilov bildirib ki, ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatları Azərbaycanın dinamik inkişafını daha da sürətləndirəcək. Belə ki, yeni kadr dəyişiklikləri dövlət başçısının sonuncu prezident seçkisindən sonra başlatdığı islahatlar prosesinin tərkib hissəsidir: "Yeni Baş nazir təyinatı, ardınca Baş nazir müavinlərinin, bəzi nazirlərin dəyişdirilməsi sözsüz ki, islahatların keyfiyyət göstəricilərini yüksəldəcək, iqtisadi sahədə inkişafa təkan verəcək. Ölkə başçısı dövlətə bağlı olan, Prezidentin komandasında layiqli yer tutan simaları irəli çəkir. Yeni simalar isə yeni enerji, hadisələrə yeni yanaşma deməkdir".
M.Xəlilov bildirib ki, yeni təyin edilənlər əvvəlki postlarında öz fəaliyyətləri ilə müsbət nəticə ortaya qoya bilən insanlardı və bu səbəbdən də onlara böyük etimad göstərilib:
"Cənab Prezidentin kadr siyasətində gənclərə zaman-zaman yer verilir, eyni zamanda, təcrübəli insanların da potensialından istifadə edilir. Biz bu uğurlu siyasəti uzun illərdir ki, müşahidə edirik". Deputatın fikrincə, aparılan kadr və struktur dəyişiklikləri Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaq: "Cənab Prezident son günlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini ayrı-ayrılıqda qəbul edərək, problemlərdən məlumatlı olduğunu bildirir və onların həlli üçün müvafiq tapşırıqlar verir. Həmin tapşırıqların həlli Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə, insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanıb". M.Xəlilov deyib ki, Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayır. O, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsaitin məbləğinin xeyli artırılmasını bu diqqətin nümunəsi sayıb. Deputat son günlər ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin qanunsuz davranışlarını pisləyərək, bunun dövlətə, dövlətçiliyə zidd addım olduğunu bildirib: "Azərbaycanın inkişafını gözü götürməyənlərin cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz!". Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bir neçə qurumun vahid nazirlikdə birləşdirilərək, super nazirlik yaradılması və ora Mikayıl Cabbarovun təyin edilməsi ona olan yüksək etimadın göstəricisidir: "Dövlət başçısı tərəfindən  "kölgə iqtisadiyyatı"nın azaldılması üçün ciddi addımlar atıldı. Mikayıl Cabbarov kifayət qədər təcrübəli iqtisadçıdır. Mən hesab edirəm ki, onun İqtisadiyyat Nazirliyində qarşısına qoyulan məsələlər - qeyri-neft sektorunun inkişafı, o cümlədən "kölgə iqtisadiyyatı"nın və bazarda inhisarçılığın aradan qaldırılması, məmur-oliqarxların biznesdən uzaqlaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Bu məsələlər uzun müddətdir ki, bizim tərəfimizdən də, mətbuat tərəfindən də qaldırılır, sonuncu olaraq cənab Prezident də buna öz mövqeyini bildirdi".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31