Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edib
Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə iştirak edib
24 Oktyabr 2019 16:13 İqtisadiyyatÇinin Şensi əyalətinin və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə təşkilatçılığı ilə Yanlin şəhərində kənd təsərrüfatı sahəsində yeni yüksək texnologiyalara həsr olunmuş 26-cı sərgi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Sərgi çərçivəsində təşkil edilən "2019 Şanxay Əməkdaşlıq Təşkilatının müasir kənd təsərrüfatının inkişafı üzrə Dəyirmi Masası" adlı tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin Çin Xalq Respublikası və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin inkişafına və gücləndirilməsinə verdiyi önəmi qeyd edib, münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Ağıllı kənd təsərrüfatı" adlı Yanlin Nümayiş Zonasına baş çəkib, bu sahədə əldə edilmiş nailiyyətlərlə əyani şəkildə tanış olub. Bundan başqa, tədbir iştirakçıları kənd təsərrüfatı texnologiyaları sahəsində beynəlxalq mübadilə və hazırlıq üzrə Nümayiş Mərkəzinin təməlqoyma mərasimində, həmçinin Müasir Kənd Təsərrüfatı Beynəlxalq Əməkdaşlıq Bazasının açılışında iştirak ediblər.