İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir- TƏHLİL
İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir-TƏHLİL
23 Oktyabr 2019 16:07 İqtisadiyyatBu birmənalıdır ki, iqtisadiyyatın inkişaf etdirilməsi üçün əsas diqqət yetirilməli olan amillərdən biri də azad rəqabət mühtinin olması, inhisarçılığın aradan qaldırılması, eləcə də belə bir mühitin yaradılmasından dolayı ölkəyə investisiyaların cəlb edilməsidir. Etiraf etmək lazımdır ki, son illərdə sadaladığımız hər bir amillə əlaqədar ölkədə məqsədyönlü tədbirlər həyata keçirilib. addımlar atılıb. Əgər təkcə yerləşdiyimiz coğrafiyaya, Cənubi Qafqaz regionuna daxil olan ölkələrə diqqət etsək aydın şəkildə görərik ki, xarici investisiyaların ən çox yatırıldığı, eləcə də bu prosesin davamlı xarakter daşıdığı ölkələr sırasında Azərbaycan ön sırada dayanır. Buna səbəb olan başlıca amillərdən biri əgər Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəm olmasıdırsa, başqa bir amil, bəlkə də əsas olanı investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Artıq neçə illərdir ki, bu müsbət tendensiya davam edir və Azərbaycanda yaradılmış normal investisiya mühitindən dolayı xarici sərmayədarların ölkəmizə marağı artır, onlar respublikamıza investisiya qoymağa daha maraqlı görünürlər. İndi təkcə qonşu Rusiya, eləcə də qardaş Türkiyə investorları deyil, eləcə də Avropa, hətta uzaq Amerikadan da Azərbaycana gəlib müxtəlif sahələrə investisiya yatıran şirkətlər, iş adamları var. Bu gün Azərbaycan əlverişli investisiya mühitinə görə Asiya ölkələri, Orta Asiya respublikaları üçün də kifayət qədər cəlbedicidir. Əgər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı toplantısı Orta Asiya respublikalarının investorları üçün Azərbaycana investisiya yatırmaq baxımından önəmli tədbir sayılırdısa, bu günlərdə Bakıda keçirilən Qolşulmama Hərəkatının növbəti zirvə görüşü isə böyük bir coğrafiyaya daxil olan dövlətlərin Azərbaycanın investisiya mühiti ilə yaxından tanış olmaq və gələcəkdə ölkəmizə sərmayələrin yönəldilməsi nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edir.
Qeyd etdiyimiz kimi xarici sərmayədarların Azərbaycana investisiya yatırmasını şərtləndirən başlıca amillərdən biri ölkəmizdə əlverişli investisiya mühitinin olmasıdır. Bu da heç şübhəsiz ki, siyasi iradədən asılıdır. Tam əminliklə deyə bilərik ki, bunun üçün Azərbaycan öz siyasi iradəsini ortaya qoyub və Azərbaycan hakimiyyəti, hökuməti maksimum dərəcədə xarici investorların ölkəmizə sərmayə yatırmasında maraqlıdır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nitqindən bunun bir daha şahidi olduq. İstər bir neçə gün əvvəl ölkənin iqtisadi vəziyyəti ilə bağlı keçirdiyi müşavirədə, istərsə də sabiq iqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini təyin edilməsi münasibətilə qəbul edərkən Cənab Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində bir çox işlər görülməlidir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində, daha doğrusu 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra xarici kapital əsasən ölkənin neft sektoruna yönəldilirdi. Çünki iqtisadiyyatımız neftdən asılı idi, yalnız neft sektorunu inkişaf etdirməklə Azərbaycan iqtisadiyyatının inkişafına nail olmaq mümkün idi. Və belə də oldu və xarici sərmayələrin nəticəsində Azərbaycanda neft sektoru sürətli inkişaf yolu keçdi. Elə Azərbaycan iqtisadiyyatının bu günkü inkişafında da məhz neft sektoruna yatrırılan sərmayələr mühüm rol oynayıb. İndi isə dövlət başçısının da qeyd etdiyi kimi İnvestisiyalar qeyri-neft sektorunun artımına xidmət etməlidir. Çünki dövlət başçısının da qeyd etdiyi kimi iqtisadiyyatımızın neftdən asılıəlığı aradan qaldırılmalı, qeyri-neft sektoru daha da inkişaf etdirilməlidir. Onu da etiraf etmək lazımdır ki, ötən illər ərzində bu sektorun inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb, tədbirlər həyata keçirilib. Məhz qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar və bu sahəyə yönəldilən ionvestisiyaların nəticəsidir ki, bu gün Azərbaycanda aqrar sahə, kənd təsərrüfatı özünün inkişaf dövrünü yaşayır. Hazırda dünya bazarlarında Azərbaycanın istehsal etdiyi mal və məhsullara daha geniş əhatədə rast gəlmək mümkündür ki, bu da məhz qeyri-neft sektorunun inkişaf etdirilməsinin nəticəsində mümkün olub.
Süleyman
Olaylar.az