Ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür

Ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür

"Azərbaycanda  qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir. Bu ilin doqquz ayı ərzində kənd təsərrüfatının 7 faiz artması bunu bir daha təsdiqləyir". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Süleymanov səsləndirib. O, bildirib ki, bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir: "Fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublika boyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı dəstək hesabına ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır". Millət vəkili deyib ki,  bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31