Nazir: “Sənaye parkları və məhəllələrinin yaradılması davam etdirilir”
Nazir: “Sənaye parkları və məhəllələrinin yaradılması davam etdirilir”
21 Oktyabr 2019 16:06 İqtisadiyyatİqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarının icrası istiqamətində nazirlik tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib. "Olaylar"ın xəbərinə görə, nazir bildirilib ki, əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır. Bununla yanaşı, beynəlxalq maliyyə institutlarının təcrübəsi nəzərə alınmaqla, dövlət dəstəyi tədbirlərinin və investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi üzrə yeni metodologiyanın ekspertlərin cəlb olunması ilə hazırlanması işləri həyata keçirilir.
İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin daha effektiv şəkildə davam etdirildiyini bildirib. Qeyd edək ki, hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 mln. manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 mln. manatlıq məhsul istehsal edilib, bunun 233 mln. manatlıq hissəsi ixrac olunub.