Azərbaycanda həyata keçirilən islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir- MÖVQE
Azərbaycanda həyata keçirilən islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir-MÖVQE
21 Oktyabr 2019 13:30 İqtisadiyyatƏhalinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
Azərbaycanda həyata keçirilən sosial iqtisadi siyasətin müsbət nəticələrini hər bir vətəndaş özünə münasibətdə hiss etməkdədir. Etiraf edilməlidir ki, cari ildə dövlət başçısıtının birbaşa təşəbbüsü ilə reallaşan sosial paketlər ölkə əhalisinin sosial fifahına ciddi təsir göstərib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə qeyd edib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir: "Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır". Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, bu gün ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir və uğurlu nəticələr də göz qabağındadır. Deputat bildirib ki, oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirəni üç mühüm hissəyə bölmək olar. Birincisi ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, bu da beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Həmçinin biznesin uğurla aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışları da bu sıraya aiddir. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Azərbaycanın "Doing Business"də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması əslində o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb. İkinci istiqamət yaradılan bu zəmindən sonra ölkədəki müvafiq iqtisadi artım, bununla bağlı Prezidentin qeydləri idi. Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir. Bununla yanaşı, ümumilikdə belə bir yanaşma var ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyyatımız daha çox böyüyə bilər. Əslində aparılan iqtisadi islahatlar və yaranmış biznes mühiti iqtisadiyyatımızın bütün sektorlarının daha sürətli inkişafına imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatlar mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə bir-biri ilə uzlaşdırmaqla həm ümumi daxili məhsulda, həm də qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür. Üçüncü istiqamətə gəldikdə, iqtisadi inkişafın daha sürətli getməsinə, eyni zamanda, iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amilləri qeyd etmək olar. Müşavirədə Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar kifayət qədər sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda bu mənfi hallarla mübarizə daha da gücləndiriləcək. Həm yeni mexanizmlərin yaranması, həm də yeni faktaraşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi şəffaflığın artırılmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə təsirli addımlar olacaq: "Əslində Azərbaycanda bu proses gedir və müsbət nəticələrini Prezident İlham Əliyev də qeyd etdi. Həm vergilər, həm sosial müdafiə sistemində yeni kadrlarla əvəzlənmə effektivliyin nə dərəcədə artırılmasını göstərdi. Həm şəffaflıq, həm bütövlükdə vergilərin könüllü şəkildə ödənilməsi səviyyəsi, həm də insanların inamı artdı. Sosial müdafiə sahəsində həyata keçirilən kadr islahatından sonra bütövlükdə insanların minimum əmək pensiyalarının həcmini yüksək səviyyəyə qaldırmaq, oradakı bir sıra qeyri-qanuni halların qarşısını almaq mümkün oldu. Təcrübə göstərir ki, bir çox hallarda kadr islahatları həmin sahədə kifayət qədər böyük inkişafa və qeyri-şəffaf halların aradan qaldırılmasına səbəb ola bilir. Ümumilikdə gənc kadrlarla əvəzolunma Azərbaycanda gedən prosesdir və cənab prezidentin siyasətində bu, hər zaman var. Düşünürəm ki, proses daha sürətlənəcək". Deputat vurğulayıb ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Əslində aparılan bütün iqtisadi islahatlar, atılan addımlar son nəticədə ölkə vətəndaşının daha yaxşı və təhlükəsiz yaşamasına xidmət edir.Tahir Mirkişili qeyd edib ki, növbəti ilin büdcəsinin xərclərinin böyük bir hissəsi sosial xərclərlə bağlıdır. Əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması və ya sosial qayğıya ehtiyacı olan insanların əhatə dairəsinin genişləndirilməsi növbəti ildə büdcədə 3,7 milyard manat əlavə xərclərə səbəb olub. Amma bunun gəlir hissəsi də var. Aparılan iqtisadi islahatlar ölkə büdcəsinə əlavə yeni gəlirlər mənbələrini müəyyən edir. Məsələn, bu ilin 9 ayı ərzində büdcəyə əlavə olaraq 700 milyon manat daxil olub ki, bu vəsaitin bütövlükdə hamısı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onların sosial təminat səviyyəsinin artmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən islahatlar dövlət mexanizmlərinin effektivliyinin, şəffaflığın artırılmasına, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılmasına, onların daha da yaxşı yaşamasına xidmət edir.
Milli Məclisin deputatı İlham Məmmədov deyib ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə respublikamızın bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına qiymət verilib, əldə olunan uğurlardan danışılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müşavirədə qeyd olunub ki, doqquz ayın sosial-iqtisadi nəticələri müsbətdir. İ.Məmmədov bildirib ki, bu dövrdə qeyri-neft sektorunda artım 3 faizdən çox olub. Qeyri-neft sənayesində isə artım 15 faizdən çox olub: "Cənab Prezidentin qeyd etdiyi kimi bu, dünya miqyasında rekord göstərici hesab oluna bilər. Kənd təsərrrüfatında da ciddi irəlləyiş əldə edilib. Əvvəlki illərdə bu artım 2-3 faiz təşkil edirdisə bu ilin doqquz ayında artım 7 faizdən çoxdur. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə bu ilin əvvəlindən böyük bir sosial paket reallaşdı. Bunun nəticəsində 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşının maddi vəziyyəti yaxşılaşdı. Beynəlxalq aparıcı maliyyə qurumlarının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini durmadan yaxşılaşdırır. "Doinq Business" in hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yrdədir. Son hesabatlarda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alır. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatına görə Azərbaycan bir çox sahələrdə düya miqyasında mühüm göstəricilərə nail olub. Dövlət başçısının qeyd etdiyi kimi bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlara, görülən işlərə verilə qiymətdir. Ancaq ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir". Millət vəkili qeyd edib ki, müşavirədə Prezident İlham Əliyev respublikamızda daha sürətli inkişaf üçün kifayət qədər ehtiyatların olduğunu bildirərək deyib ki, bu ehtiyatlar aşkar edilməlidir: "Qeyd olunub ki, Azərbaycanda hər bir sahədə şəffaflığa və yüksək standartlara nail olmaq lazımdır. Bu məqsədə nail olmaq üçün korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Bu xoşagəlməz hallara qarşı mübarizədə təkcə hüquq -mühafizə orqanları yox, bütün aidiyatı qurumlar, o cümlədən vətəndaşlar yaxından iştirak etməlidirlər. Cənab Prezident həmçinin müşavirədə iqtidarda olan bəzi məmurların aparılan islahatlara qarşı çıxdığını deyərək belə halların yolverilməz olduğunu söyləyib. Təbii ki, belə xoşagəlməz hallar ümumi inkişafımıza zərər vurur. Ona görə də, yəqin ki, bu məsələ ilə bağlı müvafiq ölçülər götürələcək. Düşünürəm ki, dövlət başçısının bu qətiyyətli mövqeyi cəmiyyətimiz tərəfindən müsbət dəyərləndirilir və öz vətənini sevən hər bir azərbaycanlı cənab Prezident İlham Əliyev ətrafında bundan sonra da sıx birləşəcək. Beləliklə, Azərbaycan öz dinamik inkişafını uğurla davam etdirəcək".
Nurlan
Olaylar.az