Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar müsbət nəticəsini verməkdədir- RƏYLƏR
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar müsbət nəticəsini verməkdədir-RƏYLƏR
18 Oktyabr 2019 13:43 İqtisadiyyatHazırda qarşıda dayanan əsas vəzifə iqtisadi islahatları dərinləşdirməkdir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar müsbət nəticəsini verməkdədir. Cari ilin ötən aylarının statistik göstəriciləri deməyə əsas verir ki, bütün sahələrdə nəzərəçarpacaq dərəcədə inkişaf qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı qeyd edib ki, ölkədə iqtisadi artım təmin olunub: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər".
***
Millət vəkili Aydın Hüseynov bildirib ki, ölkədə biznes mühitin dəstəklənməsi məqsədilə müəyyən vergi güzəştləri tətbiq olunub, sosial paketlərin gücləndirilməsi üçün tədbirlər görülüb. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin memarı olduğu vacib dəyişikliklərin nəticəsidir. Deputat qeyd edib ki, vergi və gömrük sahəsində islahatlar, şəffaflıqla bağlı addımlar öz nəticələrini verməkdə davam edir. Qeyri-neft sektorunun artımı, eləcə də sənaye sektorunun qabaqlayıcı inkişaf dinamikası Azərbaycanda dövlət başçısının bilavasitə rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatların nəticəsidir. A.Hüseynov deyib ki, Azərbaycan dövlətinin düşünülmüş siyasəti ən yüksək səviyyədə keçirilir. Prezident İlham Əliyevin qeyri-neft sənayesində qabaqlayıcı artımı qeyd etməsi çox vacibdir, çünki bu, iqtisadiyyatın real sektorudur. İnvestisiyaların həcminin artması, investisiya axınının innovativ məzmunu yaxın gələcəkdə ölkə iqtisadiyyatında ümumi daxili məhsulun 5 faiz və daha çox həcmdə qabaqlayıcı artımına nail olmağa imkan verəcək. Deputat bildirib ki, qısa və orta müddətli perspektivdə qeyri-xammal sahələrinin inkişafı istiqamətində bu göstəricilərdə dəyişikliklər baş verə bilər: "Yaxın illərdə də bu istiqamətdə atılan addımların çox ciddi sosial-iqtisadi təsiri gözlənilir. Daxili bazarı genişləndirməklə, faktiki olaraq, idxalı əvəzetmə siyasətinin reallaşdırılması dəstəklənir. Bu kontekstdə, bir tərəfdən əhalinin sosial müdafiəsinin artırılması üçün imkanların genişləndirilməsi ön plana çıxır, digər tərəfdən, daxili bazarın genişləndirilməsi əmək fəaliyyətinin artırılması hesabına milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına töhfə verilir". A. Hüseynov, həmçinin əlavə edib ki, bu ilin sentyabr ayında minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən bu islahatlar dünya miqyasında nümunə ola bilər.
***
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin son keçirilən iqtisadi müşavirədəki çıxından da göründüyü kimi dövlət başçısı cari ilin 9 ayında əldə olunan iqtisadi uğurlardan razıdır. Səslənən rəqəmlər bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf edərək, hədəflərinə doğru biraz da yaxınlaşır". Deputat bildirib ki, ötən 9 ay müddətində əldə olunan uğurlu nəticələrin hər birinin əsasında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dayanır. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın qarşısında dayanan əsas vəzifə iqtisadi islahatları dərinləşdirməkdir: "Bu il qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması bir daha sübut edir ki, Azərbaycanda şaxələndirmə ilə bağlı tədbirlər müsbət nəticəsini verir". Ötən 9 ay müddətində ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına toxunan deputat söyləyib ki, ümumiyyətlə, bu sahənin inkişafı Azərbaycan dövlətinin marağındadır: "Atılan addımlar, həyata keçirilən mühüm islahatlar nəticəsində kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artıb. Kənd təsərrüfatı sahənin ötən illə müqayisədə nəzərə çarpacaq qədər artması dövlətin maraqlarına uyğundur. Qarşıya qoyulan hədəf kiçik və orta sahibkarlığın ÜDM-də payını 50 faizə çatdırmaqdır. Əgər biz bu hədəfə nail olsaq, o zaman qarşımıza qoyulan iqtisadi hədəflərə tam şəkildə nail olmuş olarıq". Ölkə başçısının son keçirilən müşavirədə Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirlərinə toxunduğunu dilə gətirən R. Quliyev qeyd edib ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də bu istiqamətdə haqlı mövqeyini ortaya qoydu: "Ölkə başçısı qeyd etdi ki, korrupsiya ilə mübarizədə vətəndaşların özləri də fəal iştirak etməlidirlər. Təəssüflə qeyd etməliyik ki, bəzi məmurlar Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətini düzgün qəbul etmirlər. Ölkə başçısı da müşavirədə qeyd etdi ki, belə məmurlarla yol getmək mümkün deyil və onlar işdən azad olunacaqlar. Hesab edirəm ki, bu bəzi məmurlar üçün bir şans idi. Onlar biləlidir ki, cəmiyyət məmurların deyil, məmurlar cəmiyyətin, xalqın maraqlarını güdməlidirlər".
Zəka
Olaylar.az