Qeyri-neft sektorunda əlavə dəyərin həcmi artıb
2 Aprel 2013 14:49 İqtisadiyyat2013-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz çox ümumi daxili məhsul istehsal edilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 4,1 milyard manat və ya ÜDM-in 48,9 faizini təşkil edib. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 2,6 faiz azalıb. Bu dövrdə tikintidə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 24,8 faiz, informasiya və rabitə xidmətlərində 16,0 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 3,4 faiz artıb. Neft və qaz hasilatı sahələrində yaradılmış əlavə dəyər 3,5 faiz azalsa da, emal sənayesində 14,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 1,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 1,1 faiz, artım müşahidə edilib.