Türkdilli ölkələr arasında səmərəli əməkdaşlıq nəqliyyat sektoru üçün perspektiv imkanlar vəd edir
Türkdilli ölkələr arasında səmərəli əməkdaşlıq nəqliyyat sektoru üçün perspektiv imkanlar vəd edir
16 Oktyabr 2019 14:18 İqtisadiyyatİlham Əliyev: "Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir"
Türk dünyasının birlik və bərabərliyi, güc mərkəzinə çevrilməsi istiqamətində daha bir addım atıldı. 10 ildir uğurla fəaliyyət göstərən Türkidlli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçirilən Vİİ zirvə görüşünü məhz bu cür xarakterizə etmək olar. 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını evsahibliyi etməklə onun təsis olunmasında ilkə imza atan Azərbaycan 10 il sonar yenidən daha bir ilkə imza atdı ki, bu da Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına tamhüquqlu üzv olması idi. Rəsmi Daşkəndin quruma üzv olması hər nə qədər TDƏŞ-in ötən 10 il ərzində uğurlu fəaliyyət göstərməsinin nəticəsi idisə, bir o qədər də Özbəkistanla bu illər ərzində aparılan uğurlu danışıqlar, həyata keçirilən birgə əməkdaşlıqla əlaqədar idi. Eyni zamanda burada Azərbaycanın da oynadığı rol xüsusi qeyd edilməlidir. Belə ki, rəsmi Daşkəndlə Bakı arasında uzun illərə dayanan uğurlu əməkdaşlıq, Azərbaycanın regionda, eləcə də dünyada xüusi çəkiyə və nüfuza malik olması, bir sıra qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olması Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunmasına yol açan əsas amillərdəndir. Paralel olaraq bu quruma artan beynəlxalq maraq da yaddan çıxmamalıdır ki, bütün bu amillər Özbəkistanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına olan marağı artırdı və nəticə etibarilə Daşkəndin Şuraya tamhüquqlu üzvlüyü qurumun Bakıda keçirilən Vİİ zirvə görüşündə öz həllini tapdı. Hər şeydən üstün olanı isə, yuxarıda da qeyd etdiyimiz kimi on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlu fəaliyyət göstərməsi və dünyada sayılıb-seçilən beynəlxalq platformaya çevrilməsidir. Təsadüfi deyil ki, təşkiatın Vİİ zirvə görüşündə çıxışı zamanı da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən illərdəki uğurlu fəaliyyətinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev qeyd edib ki, ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib: "Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir".
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına olan marağın artması, onun effektiv və beynəlxalq maraq doğuran bir platformaya çevrilməsi həm də iqtisadi amillə əlaqədardır. Belə ki, tarixi İpək Yolu üzərində yerləşən bu ölkələrin məhz həmin marşrutla yenidən dünyaya çıxış imkanları qalmaqdadır. Hazırda da bir sıra türkdilli dövlətlər regionda həyata keçirilən beynəlxalq nəqliyyat dəhlizləri layihələrində birgə əməkdaşlıq edirlər. Bu sırada TRASSEKA layihəsini xüsusi qeyd etmək yerinə düşər. Eyni zamanda Şurada əməkdaşlıq edən 3 ölkənin-Azərbaycan, Qazaxıstan, Türkmənistan- Xəzər dənizi sahilində yerləşməsi dəniz nəqliyyatı vasitəsilə sərnişin və yüklərin daşınmasına öz töhfəsini verə bilər. Düzdür, hazırda da Xəzər vasitəsilə bu əməkdaşlıq həyata keçirilir. Lakin onun daha da inkişaf etdirilməsi üçün perspektivlər, imkanlar mövcuddur. Yaxud türkdilli ölkələrdən Azərbaycan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi digər türk respublikaların da həmin layihədə iştirakına əlverişli şərait yaradır. Bu həm türkdilli respublikaların istehsal etdiyi məhsulların Avropaya, həm də Avropadan müəyyən malların daha sərfəli qiymətlərlə türk dünyasına daşınmasına yardımçı ola bilər. Qarşılıqlı surətdə və regionla, beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirakla ölkələrin iqtisadiyyatı, turizminə də töhfə vermiş olarıq. Bir sözlə türkdilli ölkələr arasında əməkdaşlıq imkanları, perspektivləri çoxdur və bunlardan səmərəli istifadə etmək lazımdır. Elə Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyev də ayrı-ayrı istiqamətlərdə olan perspektiv əməkdaşlıq imkanları barədə zirvə görüşündə çıxışı zamanı ətraflı danışıb. Prezident bildirib ki, tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir: "Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb".
Füzuli
Olaylar.az