Əlilliyə görə nə qədər əlavə əmək haqqı verilir
1 Aprel 2013 18:35 İqtisadiyyatOxucu redaksiyamıza müraciət edərək soruşur ki, dövlət qulluğu pensiyası alan II qrup əlil işçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il tarixli, 185 saylı Qərarına əsasən hal-hazırda aldığı aylıq əmək haqqının 25 faizi qədər əlilliyə görə əlavə əmək haqqı alması qanuna uyğundurmu?
Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov "Olaylar"a bildirib ki, əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında" 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı qəbul edilmiş və həmin qərarla "Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram" təsdiq edilmişdir. Adı çəkilən Proqramın 5.4-cü bəndində əmək kollektivlərinin razılığı ilə I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi göstərilmiş, buna yönəlmiş tədbirlərin həyata keçirilməsinə məsul şəxs kimi müəssisə və təşkilatlar qeyd olunmuşdur. Beləliklə, Proqramın 5.4-cü bəndinin tələbinə görə işlədiyiniz yer üzrə əmək kollektivinin razılığı ilə sizin aldığınız əmək haqqının 20-25 faiz artırılması qanunvericiliyin tələblərinə uyğundur.