Bakıda “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan iclas keçirilir
Bakıda “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə həsr olunan iclas keçirilir
8 Oktyabr 2019 15:24 İqtisadiyyatOktyabrın 8-də Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas öz işinə başlayıb."Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson iştirakçıları salamlayıb və iclasın keçirilməsinin əsas məqsədinin BEPS layihəsinin Avrasiya ölkələrində tətbiqi prosesinin müzakirəsi olunmasını qeyd edib. Bildirilib ki, "İyirmilər qrupu" (G20) və OECD tərəfindən "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə" layihəsi hazırlanıb. Hazırda bu layihəyə 134 ölkə qoşulub.
Tədbirdə çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev regional iclasın Bakıda təşkilinə verdiyi dəstəyə görə IOTA və OECD rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, inkişaf etmiş beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir. Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından OECD Vergi Siyasəti və İdarəetmə Mərkəzi və IOTA əhəmiyyətli bir platformadır. Nazir müavini Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, "kölgə iqtisadiyyatı"nın azaldılması və vergi mühitinin yaxşılaşdırılması, qeyri-rəsmi əmək bazarının leqallaşdırılması, daha səmərəli vergi güzəştləri vasitəsilə kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb.Vergilər Nazirliyinin, yerli və xarici dövlət orqanlarının, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirak etdiyi regional iclasın öz işini oktyabrın 10-dək davam etdirməsi nəzərdə tutulur.