46320 fermer təlimə cəlb edilib

2019-cu ildə fermerlərə 2784 təlim və seminar keçirilib

2019-cu ildə fermerlərə 2784 təlim və seminar keçirilib. Aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən hazırlanmış Fəaliyyət Planına uyğun təşkil olunur. Bu ilin 9 ayı ərzində keçirilən təlimlərə 46320 fermer və kənd təsərrüfatı məhsulu istehsalçısı cəlb olunub. Nazirlikdən "Olaylar"a bildirilib ki, həftə ərzində Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvandarlıq, toxumçuluq və kənd təsərrüfatı texnikalarının istismarı üzrə respublikanın 12 müxtəlif rayonunda 13 təlim keçirilib və təlimlərdə 181 fermer və məhsul istehsalçısı iştirak edib. Fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssiləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.

Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən isə Bakı şəhərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə dair 2 təlim təşkil olunub və təlimlərə 7 nəfər cəlb olunub."Yeni Subsidiya Qaydaları"nın tətbiqi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən cari həftə ərzində 2 rayonda 734 nəfərə 29 təlim, 16-27 sentyabr tarixlərində isə 2563 nəfərə 94 təlim keçirilib.Bundan əlavə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları tərəfindən avqust-sentyabr aylarında 1484 təlim keçirilib və təlimlərə 22118 fermer cəlb olunub. Ümumilikdə yeni subsidiya qaydaları üzrə 1578 təlimdə 24681 nəfər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31