Azərbaycan Avstriya ilə əmlak idarəçiliyi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan Avstriya ilə əmlak idarəçiliyi sahəsində əməkdaşlıq edəcək
25 Sentyabr 2019 14:54 İqtisadiyyatAvstriyanın Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilib. "Olaylar" xəbər verir ki, görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avstriya təcrübəsi ilə yaxından tanışlıq baş tutub. Komitə sədri Kərəm Həsənov bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və qurumlar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində 2020-ci il üçün fəaliyyət istiqamətləri müəyyən edilib.