Azərbaycanda həyata keçirilən islahatlar xalq tərəfindən dəstəklənir -Şərh
Azərbaycanda həyata keçirilən islahatlar xalq tərəfindən dəstəklənir -Şərh
25 Sentyabr 2019 12:36 İqtisadiyyatMusa Quliyev: "Bu siyasətin alternativi yoxdur və həmin siyasətin nəticəsində Azərbaycanın çox gözəl gələcəyi var"
Son illər əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilin əvvəlindən imzaladığı sərəncamlar öz miqyasına görə ümumrespublika və ümumxalq xarakteri daşımaqla, son dərəcə əhəmiyyətli sosial, siyasi tədbirlər kimi xarakterizə olunur. Nəzərə almaq lazımdır ki, postneft dövrü dünya, eləcə də ölkəmizdə müşahidə edilən dəyişiklikləri, eyni zamanda yeni tendensiyaları və çağırışları müəyyənləşdirməyi və onların həlli istiqamətində zəruri olan davamlı strategiyaların tətbiqini önə çıxarır. Qeyd edək ki, neftin dünya bazarında qiymətinin 3-4 dəfə aşağı düşməsi 2015-ci ildə Azərbaycanın maliyyə bazarında müəyyən streslər yaratdı və nəticədə manat dəyərini xarici valyutalar qarşısında iki dəfəyə yaxın itirdi, əhalinin maddi rifahında müəyyən problemlər meydana çıxdı. Bütün neqativ təsirləri aradan qaldırmaq üçün dövlət sosial-iqtisadi siyasətin əsas istiqamətlərini müəyyən edərək, genişmiqyaslı islahatlar paketinə start verdi. Sözü gedən qərarlar öz maliyyə yükünə, tutumuna və əhatəlilik dərəcəsinə görə əvvəlki illərdən xeyli fərqlənirdi. Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən, sentyabrın 1-dən etibarən minimum əmək haqqının 250 manata, oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulur. Eyni zamanda, müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50% civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir. Azərbaycanda ilk dəfə olaraq, minimum əmək haqqı yaşayış minimumunu üstələyəcək. Habelə dövlət və özəl sektorda maaşların aşağı həddinin artacağı təqdirdə yuxarı hədləri də pilləli şəkildə yüksələcək. Bununla da minimum və orta aylıq əmək haqqı səviyyəsinə görə, Azərbaycan region dövlətlərlə oxşar parametrlər üzrə bərabərləşəcək, eləcə də ayrı-ayrı hallarda irəliyə keçəcək.
Etiraf edilməlidir ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə əhalisi tərəfindən müsbət qarşılanır. Onu da qeyd edək ki, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətə, aparılan islahatlara, imzalanan sərəncamlara əhalinin münasibətinin və bunun cəmiyyətin əhval-ruhiyyəsinə təsirinin öyrənilməsi aparılan işin effektivliyinin daha da möhkəmləndirilməsi baxımından çox vacibdir. Məhz bu amil nəzərə alınaraq Sosial Tədqiqatlar Mərkəzinin müvafiq departamentləri tərəfindən 2019-cu il 18 və 20 iyun tarixlərində imzalanan sərəncamları hədəf götürərək postneft dövrü kontekstində reallaşdırılan islahatlara əhalinin münasibətini öyrənmək məqsədilə ümumrespublika səviyyəli ictimai rəy sorğusu keçirilib. Sorğunun nəticələrindən bəlli olur ki, Azərbaycanda həyata keçirilən islahatlar əhalinin sosial rifahında həlledici rol oynamaqla yanaşı, 2015-ci ilə qədərki iqtisadi aktivliyin sürətli bərpasına, həmçinin, cəmiyyətdə mənəvi-psixoloji iqlimin daha yaxşılaşmasına müsbət təsir göstərəcək. Qəbul edilən qərarlar əhalinin dövlətə inamının artmasında və ölkə rəhbərinin nüfuzunun daha da güclənməsində, sosial sabitliyin qorunub saxlanılmasında və devalvasiyadan sonra əhalinin maddi vəziyyətində yaranan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
Milli Məclisin deputatı Musa Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi xalqımızın sosial rifahının daha da yüksəldilməsidir. Məhz bu məqsədlə də ölkəmiz hər bir sahə üzrə inkişaf etdirilir. Onun sözlərinə görə, inkişaf və islahatlar müsbət nəticələr verməkdədir: "Bu siyasət konkret olaraq özünü nədə göstərir? Hər şeydən əvvəl təkcə biz 2018-2019-cu illərə nəzər salsaq - maaşların, pensiyaların artırılması, tələbə təqaüdləri, doktorantların təqaüdləri, şəhid ailələri, müharibə veteranları, əlillərlə bağlı qərarların qəbul edilməsi digər ölkələrin tarixində çox nadir rast gəlinə bilər. Bütün bunlar hamısı cənab Prezidentin tərəfindən qəbul edildi və həyata keçirildi. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezidentimizin liderliyi altında yürüdülən dövlət siyasətinin tam müdafiəçisidir. Bu siyasətin alternativi yoxdur və həmin siyasətin nəticəsində Azərbaycanın çox gözəl gələcəyi var". YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, son illər sosial-iqtisadi inkişafla bağlı görülən işlərin nəticələri ölkəmiz üçün çox uğurludur. Ümumilikdə ölkə üzrə inkişaf bütün sahələrdə mövcuddur. Eləcə də, bütün bölgələrimiz də eyni dinamika ilə inkişaf edir. İstər Bakı şəhəri olsun, istər bölgələrimiz, hər yerdə inkişaf sürətli templə davam edir: "Bu gün Azərbaycanda görülən işlər yüksək qiymətləndirilməlidir. Çünki Azərbaycan dünyadakı çətinliklərin olduğu bir şəraitdə inamla inkişaf edir, ölkəmizdə sabitlik hökm sürür. Ölkəmizin hər yerində böyük quruculuq işləri həyata keçirilir.Yəni bütün sahələrdə Prezident İlham Əliyev həyata keçirdiyi siyasət öz ahəngi ilə davam edir ki, bu da xalqımız tərəfindən rəğbətlə qarşılanır".
Nurlan
Olaylar.az