Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təsis olunması ilə bağlı iclas keçirilib. "Olaylar" xəbər verir ki, təsis yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların həmkarlar təşkilatlarından 112 nümayəndə iştirak edib.  Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov həmkarlar ittifaqının cəmiyyətdəki rolu, məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına  məlumat verib. Fuad Məmmədov bildirib ki, həmkarlar ittifaqları işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının təmin olunması və qorunmasında mühüm rol oynayır.

İclasda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: "Aqrar sektora diqqət və qayğı, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının davamlı inkişafına şərait yaradır. Bu ilin ilk yarısında aqrar sektorda artım 13% təşkil edib ki, bu da son illər ərzində rekord göstəricidir". Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov təmsil etdiyi qurumun Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinə davamlı dəstək göstərəcəyini qeyd edib. O, Birliyin beynəlxalq miqyasda əlaqələr quracağına və beynəlxalq təcrübədən faydalanacağına əminliyini ifadə edib. Tədbir iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Fuad Məmmədov Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31